Gündəm Özəl

Eyyub Hüseynov: “Çörəyin qiyməti 2 dəfəyədək arta bilər” — ÖZƏL

Eyyub Hüseynov: “Çörəyin qiyməti 2 dəfəyədək arta bilər” — ÖZƏL

“Həm istehsalçılar, həm də istehlakçılar arasında çörəyin qiymətinin qalxması ilə bağlı çox narahatçılıqlar var”. Bunu Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. Ekspert bildirib ki, həqiqətən də hazırki dönəmdə narahatçılığa səbəb var:

“Çünki Azərbaycan bazarının böyük hissəsi, xüsusilə də taxıl ehtiyatları Rusiya və Ukrayna bazarından asılıdır. Ona görə də, istehlakçılar və istehsalçılar vəziyyətə tam hazır olmalıdırlar. Birincisi, istehlakçıları ciddi qənaətçiliyə getməyə çağırıram. Heç də çoxlu un alıb evə yığmaq, vəziyyətdən çıxış yolu deyil. İstehsalçılar isə çalışmalıdırlar ki, elə çörək, un məmulatları buraxsınlar ki, israfçılıq olmasın. Yəni, başlıca olaraq onun keyfiyyətini yüksəltsinlər. Düzdür, çıxış yolu kimi alternativ bazar axtaracaqlar. Lakin azad olunmuş torpaqlarda kənd təsərrüfatı sahəsinin genişləndirilməsi də çıxış yolu ola bilər”.

E.Hüseynov hesab edir ki, çörəyin qiyməti yenidən artacaq: “Hətta, çörəyin qiyməti 2 dəfəyədək arta bilər. Onu da qeyd edim ki, Azərbaycan istehlakçıları dünyanın ən çox istehlak edən, həm də ən israfçılıq edən istehlakçılardır. İstehlakçılar davranışlarını indiki vəziyyətdə dəyişməlidirlər. Bundan başqa, vətəndaşlarmızı da qənaət etməyə səsləyirəm. Çünki vətəndaşlarımızın bir çoxu artıq çörək alırlar və sonra onu zibilliyə tullayırlar. İstehlakçılar elə etməlidirlər ki, çörəkləri tullantıya çevirməsinlər. Yaxud da, elə etsinlər ki, gündəlik çörək istehlakını azaltsınlar”.

Toylar üçün xüsusi qaydaların tətbiq olunmasının vacibliyini vurğulayan ekspert əlavə edib ki, israfçılıq hazırda ən çox toy məclislərində müşahidə olunmaqdadır: “Restoranlar sifarişçilərə öz şərtlərini diktə edirlər. Deyirlər ki, biz stolun üstünə bu malları qoymalıyıq. Bəzən toy sahibi onların öhdəsindən gələ bilmir. Ona görə də, bununla bağlı müəyyən qaydalar olmalı və müqavilələr imzalanmalıdır ki, ərzaq məhsullarında israfçılığa yol verilməsin. İstehlakçının tələbi nədirsə, o da yerinə yetirilməlidir. Xüsusən də, toya az qalmış şərt qoyurlar ki, biz filan şeyi edəcəyik. Bu, problemdir və nəticədə böyük israfçılıq əmələ gəlir. Bu kimi halların qarşısı alınmalıdır. Ona görə də, Nazirlər Kabineti restoranlarla bağlı xüsusi qaydalar hazırlamalı və onlar tətbiq olunmalıdır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az