Ukrayna-Rusiya müharibəsindəki son vəziyyətlə bağlı politoloq Anar Əliyev Demokrat.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Anar müəllim, Rusiyaya xeyli sanksiyalar tətbiq olunub. Sizcə, Rusiya bu sanksiyalar onun iqtisadiyyatına necə təsir edəcək?
- İlk olaraq qeyd edim ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin nəticəsi olaraq, dünyanın əksər dövlətləri tərəfindən, başda ABŞ və onun mütəffiqlərinin birbaşa iştirakıyla Rusiyaya qarşı misli görünməmiş sanksiyalar tətbiq olunmaqdadır. Bu sanksiyaların tətbiqi ilə Rusiya iqtisadiyyatında çox ciddi böhranlar baş verməkdədir. Bunun praktik nəticələri qarşıdakı aylarda hiss olunacaq. Xüsusilə, Rusiyanın milli valyutasının, transmilli şirkətlərin səhmlərin dəyərdən düşməsi, eyni zamanda Rusiyanın sadə vətəndaşlarının gəlirlərinin kəskin şəkildə azalmasında daha ciddi şəkildə hiss olunacaq. Ümumiyyətlə, hesab edirəm ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Rusiya tərəfindən atılmış çox səhv bir addım idi. Çünki Qərb, ABŞ və onun NATO mütəffiqləri ciddi cəhdlə Rusiyanı Ukraynada hərbi müdaxiləyə cəlb etmək istəyirdilər və bu təhriklərinə də nail oldular.
- Bu müdaxilə xüsusilə hansı dövlət üçün sərfəli oldu?
- Rusiyanın Ukraynaya hərbi müdaxiləsi xüsusilə ABŞ-a sərfəli oldu. Çünki bu müdaxilə Ukrayna və Rusiya üçün çox ciddi problemlər yaratdı və yaratmaqdadır. Amma hesab edirəm ki, Avropa tərəfindən Rusiyaya qarşı bir sıra ciddi sanksiyaların tətbiq edilməsi, xüsusilə enerji daşıyıcılarına sanksiyaların tətbiq olunması artıq Avropada da özünün mənfi təsirlərini göstərməkdədir. Əsasən də, neft və neft məhsullarına, qaza tətbiq olunan sanksiyalar nəticə etibarilə Avropada, dünya bazarında ümumiyyətlə, neft məhsullarının qiymətinin kəskin artmasına və qazın qiymətinin dəfələrlə yüksəlməsinə gətirib çıxardı. Hətta, bəzi məlumatlara görə, bir sıra Avropa ölkələrinin qaz ehtiyatları 5 faizə qədər tükənib və belə bir halda Rusiyaya qarşı sanksiyaların davamlı xarakter alması Avropanın enerji daşıyıcılarına, xüsusilə qazla ciddi problemlər yarada bilər. Bundan əvvəl bir neçə yüz dollara satılan qazın artıq 2300 dollardan baha qiymətə satılması da Avropa iqtisadiyyatına və Avropa vətəndaşının gəlirlərinə çox ciddi təsir göstərməkdədir.
- Mövcud vəziyyətdən alternativ çıxış yolu varmı?
- Hesab edirəm ki, mövcud vəziyyətdən alternativ çıxış yolu məhz Rusiyanın vəziyyəti düzgün dərk etməsidir. Rusiya baş verən proseslərin onun üçün çox ciddi təhlükələr və təhdidlər yaratdığını qəbul etməli və bu məsələləri masa arxasında sülh yolu ilə, xüsusilə də qarşılıqlı konsesusa əsaslanan razılaşma ilə həll etməyi qəbul etməlidir. Yəni, hər şey bu proseslərin başlamasında keçir. Belə olduğu haldda hesab edirəm ki, Avropa və onun mütəffiqləri tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların böyük bir hissəsi tezliklə aradan qaldırılıcaq və nəticə etibarilə həm Avropa iqtisadiyyatı, bütövlükdə dünya iqtisadiyyatı, həm də Rusiya iqtisadiyyatı üzləşdiyi bu çətinliklərdən aldıqları zərbələrdən müəyyən qədər yayına biləcəklər.
- Rusiya-Ukrayna məsələsinin hərbi müdaxiləyə keçməsində əsas məsuliyyət hansı dövlətin üzərinə düşür?
- Ukrayna-Rusiya məsələsində münasibətlərin hərbi məsələyə keçməsində daha böyük məsuliyyət Qərb dövlətlərinin üzərinə düşür. Çünki ABŞ və onun Qərb mütəffiqləri Rusiya iqtisadiyyatına zərbələr vurmaq, Rusiyanı zəiflətmək və qlobal gücdən regional gücə ikinci dərəcəli dövlətə çevrimək istəyirdilər. Bunun üçün Ukraynanı qurban verməklə, Rusiya zərər vurmaq imkanları əldə etməyə çalışırdılar və buna da nail oldular. Hesab edirəm ki, bunu həm Ukrayna, həm də Rusiya siyasi dairələri artıq dərk etməkdədir.
- Sizcə, müharibə uzanacaqmı?
- Çox güman ki, növbəti ikitərəfli görüşlərdə məsələlərin artıq sülh yolu ilə masada həll olunmasına razılıq veriləcək.
Aynurə Pənahqızı Demokrat.az


