“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan müsahibəsində Bakının 5 bənddən ibarət sülh təklifinə münasibət bildirərkən “danışıqlar ilkin şərtlərsiz aparılmalıdır” ifadəsi bu ölkəni düz yola gətirmək üçün yenidən “Dəmir yumruğ”a ehtiyac yaranacığından xəbər verir. Əslində, təklif etdiyimiz 5 şərt beynəlxalq hüquq və normalarına uyğun şəkildə Azərbaycanın öz ərazi bütövlüyünün hüquqi cəhətdən bərpasına əsaslanıb. Bəli, demək olar ki, yalnız hüquqi! Çünki biz 44 günlük Vətən müharibəsində ətrafında böyük miflər yaratdığı məğlubedilməz Ermənistan ordusunu məhv etmişik. 2020-ci ilin 10 noyabrında isə Paşinyan əlacsız qaldığı üçün Rusiyaya yalvarıb, Azərbaycanın bütün tələblərini icra edəcəyinə söz verib və daha sonra hərbi əməliyyatlar dayandırılıb. Başa düşə bilmirəm ki, kapitulyasiya sənədinə imza atan ölkə qalib ölkənin təklifləri ilə necə razı olmaya bilər?!”
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, Ararat Mirzoyanın açıqlaması qəbul edilməzdir: "Həm də “Dağlıq Qarabağ”ın statusu məsələsini cəhənnəmə göndərmişik, status yoxdur. Ölünü canlandırmaq mümkün deyil. Amma çox təəssüf ki, Ermənistana süni ümidlər verənlərin peyda olunduğunu görürük. Ermənistan başa düşməlidir, boş ümüdlər onları yenidən xam xəyallara aparmamalıdır. Ona ümid verənlər xalqların öz müqəddaratının təyinini arzulayırlarsa, 25 min erməninin yaşadığı Qarabağın dağlıq ərazisinə yox, yüzminlərlə ermənin yaşdığı Marseldə və Los Ancelesdə müqəddaratlarını və hüquqi statuslarını təmin etsinlər. Əvvəlcə yüzminlərlə erməninin yaşadığı həmin ölkələr statusun necə verildiyinə dair nümunə göstərsinlər. Daha sonra bir kəndin camaatının məskunlaşdığı Azərbaycan torpağında statusdan danışsınlar. Azərbaycan həmişə beynəlxalq hüquq və ədalətin tərəfindədir və 44 günlük Vətən müharibəsini də beynəlxalq hüquqa və BMT-nin nizamnaməsinə uyğun aparıb. Ona görə də Mirzoyanlar istəsə də, istəməsə də, Azərbaycan öz hüququnun pozulmasına heç kimə imkan verməyəcək. Bu gün Azərbaycan sülh əlini Ermənistana uzadır. Əgər Ermənistan bizim ona uzatdığımız sülh əlimizdən tutmazsa, özünü tamamilə məhvə aparmış olacaq”.
Demokrat.az


