Azərbaycanla İran arasında imzalanan və yeni kommunikasiya bağlantılarının yaradılmasını özündə ehtiva edən Anlaşma Memorandumu, əsasən iki cinahda ciddi narahatçılıq doğurub.
Bunlardan biri təbii ki, Ermənistandır və bu gözlənilən idi. Çünki Azərbaycan tərəfinin qonşu İranla anlaşaraq imza atdığı bu sənəd Ermənistanın planlarını alt-üst edib. 44 günlük müharibədən ötən ilyarımlıq zaman kəsiyində üzərinə götürdüyü öhdəliklərdən qaçan Ermənistan Zəngəzur dəhlizinin reallaşmasını əngəlləmək siyasəti yürüdərək Azərbaycana qarşı təsir rıçağını əldə saxlamağa çalışırdı. Ermənistan tərəfi hesab edirdi ki, qeyd edilən kommunikasiya yalnız onun ərazisində və onun icazəsi ilə yaradıla bilər, hansısa alternativ mümkün deyil. Amma tam əksi oldu. Azərbaycan eyni coğrafiyada, Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda qonşu İran dövləti ərazisindən keçəcək yeni kommunikasiya bağlantısı yaradır.
Mühüm geostrateji əhəmiyyətə malik layihədən kənarda qalan Ermənistan tərəfinin mətbuatını izləmək yetər ki, Azərbaycanın atdığı addımın qarşı tərəfdə hansı məyusluğu doğurduğunu aydın görəsən. Ermənistanın siyasi ekspertləri, sosial şəbəkə fəalları açıq şəkildə etiraf edirlər ki, iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistana belə bir dəhliz daha çox lazım idi. Anlaşma Memorandumunun Paşinyan hakimiyyətinin növbəti məğlubiyyəti olduğunu qeyd edən Ermənistan ekspertləri bundan sonra Zəngəzur dəhlizinin açılması ilə bağlı ölkəsinin hakimiyyətinin Azərbaycan tərəfinə yalvarmalı olacağını dilə gətirirlər. Və qazanan tərəfin yenə Azərbaycan olduğunu bildirirlər.
Tarixi Anlaşma Memorandumundan narahatçılıq keçirən ikinci cinah isə nə yazıq ki, daxilimizdəki radikal müxalifətdir. AXCP sədri Əli Kərimli çıxışlarında hətta ermənilərin belə uduzduqlarını etiraf etdikləri bu prosesə başqa yöndə şərh verir. Konkretləşdirsək, belə bir rəy yaradır ki, guya Ermənistandan keçməsi nəzərdə tutulan Zəngəzur dəhlizi daha olmayacaq. Azərbaycanın bu uğurunu qaralayan Kərimli hətta irəli gedərək hakimiyyətin Ermənistandan keçməsi planlaşdırılan dəhlizdən tamamilə imtinasını iddia edir və yaxın keçmişə boylanaraq özünün “böyük strateq” olduğunu sübuta yetirmək üçün hər cür riyakarlığa əl atır.
Reallıq isə tam başqadır. Azərbaycan İranla yeni sənəd imzalamaqla Zəngəzur dəhlizini cənub istiqamətində genişləndirir. Ermənistan bundan sonra geriyə addım atmalı olsa belə, Azərbaycan ilə Şimali Zəngəzur dəhlizinin açılmasını tamamilə başqa şərtlər altında müzakirə etmək zorunda qalacaq. Ermənistanın Azərbaycana qarşı bəlkə də yeganə əlində saxladığı təsir rıçağını itrirdiyi göz qabağındadır. Beləliklə, diqqət etsək görərik ki, əslində bunlar bir-birini tamamlayan layihələrdir. Ermənistan ərazisindən keçən dəhlizin çəkilməyəcəyi barədə Kərimlinin iddiaları tamamilə əsassızdır.
Erməniləri və Kərimlini məyus edən yeni layihənin böyük iqtisadi dividendlər gətirəcəyi, Naxçıvan MR-in blokadadan çıxmasında, muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davamlı bağlantısının yaradılmasında mühüm rola malik olacağı, həmçinin elektrik enerjisi ixracatçısı kimi imkanları artan Azərbaycanın İran ərazisindən keçməklə Naxçıvana, Türkiyəyə, daha geniş mənada Avropaya elektrik enerjisi ixrac etmək imkanı qazanacağı bəllidir. Bölgədəki yeni reallığın müəllifi olan Azərbaycan Gürcüstan, Türkiyə, Rusiya və İranın maraqları ilə kəsişməyən proqramlar həyata keçirməkdə, paralel olaraq ABŞ və Avropa ölkələri ilə əlaqələri inkişaf etdirməkdə və Cənubi Qafqazda geosiyasi sabitliyi təmin edə biləcək əsas güc olduğunu isbatlamaqdadır. Ermənistanın növbəti yanlış hesablaması göz önündədir. Uduzan Ermənistan özünü regional kommunikasiyadan kənarda qoymasının acısını yaşayır.
Bütün bunları görməzdən gələn Kərimli təəssüf ki, yenə də təxribat və qızışdırıcı mövqe sərgiləməkdə Azərbaycan dövlətini ləkələmək, onu nüfuzdan salmaq mövqeyindən çıxış edir. Mübarizə taktikası daha da kasadlaşan Kərimli süni gərginlik yaratmaqla məşğuldur və bu yalandan faydalana bildiyi qədər faydalanmağa cəhd edir. Əslində ən ülvi dəyərləri belə zaman-zaman siyasi alver predmetinə çevirənlərdən başqa nəsə gözləmək də yersizdir.
Zaman təsdiq edib ki, Azərbaycanın uğurunu başqa istiqamətlərə yönəldib dövlətə qarşı çevirmək, ümumilikdə öz ölkəsini aşağılamaq yolu ilə heç vaxt rəğbət qazanmaq mümkün deyil. Azərbaycan cəmiyyəti baş verən hadisənin əsl mahiyyətini, 44 günlük Vətən müharibəsində qazandığımız qələbənin tarixi çəkisini yaxşı anlayır. Xalqımız onu da yaxşı başa düşür ki, indiki mürəkkəb dönəmdə dövlət etibarlı əldədir, xalqımızın milli maraqları yüksək səviyyədə qorunur.
Fikir verirsinizsə, cəmiyyətin ən tanınmış simaları, ekspertləri hakimiyyətə qarşı münasibətindən asılı olmayaraq Azərbaycanın İranla imzaladığı sənədi təqdir edir. Bundan sonra Ermənistanın Azərbaycandan asılı vəziyyətə düşdüyünü, ölkəmizin tarixi sənədə imza atdığını, müzakirəsi gedən Zəngəzur dəhlizinin də çəkiləcəyini bildirirlər.
Radikal müxalifətin siması Kərimli isə reallıq hissini çoxdan unudub. Hətta 44 günlük müharibə zamanı Azərbaycan hakimiyyətinin yanlış siyasət yürütdüyünü də yenidən iddia etməyə başlayıb. Fəqət Azərbaycan xalqı şahiddir ki, hakimiyyət 44 günlük Vətən müharibəsi zamanı doğru və düşünülmüş siyasət həyata keçirib, ən düzgün qərarı verib, ölkəmizi mümkün təhlükələrdən qoruyub. Ukraynada baş verən hadisələr bunu daha qabarıq formada göz önünə sərgiləmirmi?
İndi yenidən imzalanan yeni sənədin fonunda bunun əksini iddia etmək ictimai rəyi çaşdırmaqla yanaşı, əslində riyakar bir mövqedir.
1990-cı illərin əvvəllərində məhz belələrinin hakimiyyətdə olması Azərbaycanın böyük itkilərlə üzləşməsinə rəvac verib. Dövlətçilik təcrübəsi olmayan, dar düşüncəli, siyasətdən kasad bu şəxslərin cəmiyyəti təxribata çəkmək niyyətləri heç vaxt baş tuta bilməz.
Elman Babayev Əməkdar jurnalist Demokrat.az


