Martın 10-da Avropa Parlamenti son dərəcə qərəzli sayılacaq qətnamə qəbul etdi. Qətnamədə, guya, Qarabağda erməni mədəni irsinin Azərbaycan tərəfindən məhv edilməsi ilə bağlı ağlasığmaz ittihamlar yer alıb. Şübhəsiz ki, bu qətnamə Avropa dövlətlərinin keçmiş Ermənistan–Azərbaycan münaqişəsinin həlli istiqamətində davam etmiş uzun illik diplomatik prosesdə ölkəmizə qarşı həyata keçirdiyi ikiüzlü və riyakar siyasətin növbəti təzahürüdür. Bu, həm də, 2020-ci ilin sentyabrında başlanmış 44 günlük Vətən müharibəsində qazandığımız parlaq Qələbəni həzm etməmək, bizim haqq işimizə kölgə salmaq niyyətindən xəbər verir.
Azərbaycan Parlamentinin Beynəlxalq əlaqələr və parlamentlərarası komitəsi buna cavab olaraq, sanballı bir bəyanat yayaraq bildirdi ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzünün və işğalçılıq siyasətinin acı nəticələrindən biri də xalqımızın mədəni irsinin hədəfə alınması, işğal edilmiş ərazilərdə yerləşən mədəni irs nümunələrinin məhv edilməsi və ya zədələnməsidir. Bununla bağlı kifayət qədər foto və video sənədlər mövcuddur. Xarici, xüsusilə avropalı mütəxəssislər həmin faktlara nəzər yetirilməsi, onların monitorinqinin aparılması üçün dəfələrlə Azərbaycana dəvət olunublar. Amma maraqlıdır ki, bu dəvətdən fərqli bəhanələrlə boyun qaçıran bir sıra Avropa dövlətlərinin deputatları indi qarşı tərəfin mövqeyindən çıxış edirlər. Martın 10-da Avropa Parlamentində müzakirə olunan “qətnamə”də həmin qərəzli mövqenin növbəti nümunəsidir. Sual olunur: niyə həmin deputatlar işğal nəticəsində mədəni irs obyektlərinə olan bu münasibətə görə Ermənistanı hüquqi məsuliyyətdə ittiham etmirlər?! Hər bir tərəfə, hər bir mövzuya obyektiv və “şəffaf münasibət” bəslədiklərini iddia edən avropalı millət vəkilləri niyə Ermənistan tərəfindən işğal nəticəsində Qarabağ ərazisindəki mədəni irs nümunələrinə vurulan zərəri görmək istəmirlər? Sual sadə olsa da, ona cavab vermək avropalı deputatlar üçün çox çətindir.
Həqiqətən də, avropalı parlamentarilərinin bu haqsızlığını sözlə ifadə etmək çox çətindir. Təsəvvür edirsinizmi, 30 ilə yaxın işğalda qalan torpaqlarımızda məsçidlər, məqbərələr dağıdılıb, məzarlıqlar yerlə bir edilib. Qədim tarixi abidələrimiz demək olar ki, baxımsız vəziyyətdən və təhqiramiz münasibətdən uçuq-sökük vəziyyətə düşüb. Bütün bunları edən hər kəsə məlum olduğu halda Avropa Parlamenti nəyin və kimin izindədir, kimi haqsız vəziyyətə salmaqda israrlıdır? Bax, bu, çox maraqlıdır. Bu, nəyin təəssübkeşliyi və qərəzidir – anlamaq olmur. Demokratiya və insan hüquqları carçısı olan qurumun təmsilçiləri işğalçını müdafiə, işğala məruz qalanı isə ittiham edəndə onların erməni lobbisinin alətinə çevrildiklərinə şübhəmiz qalmır. Avropa Parlamenti unudub ki, işğal olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsində nəinki İslam dininə aid mədəni, mənəvi irs, eyni zamanda, qədim xristian irsinə də zərbə vurulub. Alban xristian məbədlərini erməni kilsələrinə çevirmək cəhdləri, məbədlərdə aparılan kosmetik dəyişikliklər, xalqımızın soykökünə bağlı olan məbədlərə qarşı etinasız, hörmətsiz münasibət faktdır. Onların təbii ki, məqsədləri bu olub ki, bu torpaqlarda Azərbaycan izi tamamilə unudulsun, itsin.
Bununla bağlı Azərbaycan UNESCO təşkilatına çoxsaylı çağırışlar etmişdir. Lakin Ermənistan hər vəchlə işğal dövründə UNESCO və digər ixtisaslaşmış beynəlxalq qurumların mədəni irsin vəziyyətinin qiymətləndirilməsi üçün bu ərazilərə səfərlərinin qarşısını bu və ya başqa şəkildə alıb. Beynəlxalq qurumlar da qətiyyətsizlik nümayiş etdirmiş, zamanında müdaxilə etməmiş, ermənilərin bu məkrli addımlarına kəskin münasibət və mövqe ortaya qoymamışlar. Bunun nəticəsində Ermənistan daha da əl-qol açmış, beynəlxalq humanitar hüququ, o cümlədən 1954-cü il Haaqa Konvensiyasını və onun protokollarını kobud şəkildə pozmuşdur.
Ermənilərin əksinə olaraq, Azərbaycana və azərbaycanlılara məxsus mədəni irsin məhv edilməsi ilə bağlı konkret rəqəmlərə müraciət etsək, atılan dəhşətli addımları təsəvvür etmək mümkündür. Belə ki, “Abidələri Müdafiə Təşkilatı” İctimai Birliyi bununla bağlı dəqiq bilgilər verərək qeyd edib ki, son 30 ildə Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində xalqımızın yüz mindən çox daşınan mədəni irs nümunələri qənimət kimi Ermənistana aparılaraq mənimsənilmiş, 747 arxeoloji abidə, 64 monumental qurğu və 1814 memarlıq abidəsi işğal dövründə ermənilərin mədəni irs nümunələri kimi təbliğ edilmiş, o cümlədən 800-dən çox tarixi əhəmiyyətli qəbiristanlıq dağıdılmış, 200 monumental qurğu və heykəltaraşlıq nümunələri məhv edilmiş, xristianlıq dövrünə qədər olan 150 memarlıq nümunələri sovmələr, bazilikalar, inzibati binalar dağıdılmış, 68 məscid tamamilə, 4 məscid qismən dağıdılaraq yararsız hala salınmış, 182 inanc yeri, pir və ziyarətgah tamamilə məhv edilmiş, 346 yaşayış evi, saraylar dağıdılaraq yararsız hala salınmışdır. Eyni zamanda, alban dövrünə aid 250 memarlıq abidəsi üzərindəki yazılar, bədii daş nümunələri, xaç daşları üzərindəki ornamentlər dəyişdirilərək saxtalaşdırılmış, 50 məbəd və bazilika öz orijinal görkəmindən məhrum edilərək erməniləşdirilib. Məlumatda o da qeyd olunur ki, indiki Ermənistan ərazisində Azərbaycana məxsus 3500 tarix və mədəniyyət abidəsi, 500 qəbiristanlıq, 391 məscid ermənilər tərəfindən dağıdılaraq yox edilib.
Bu gün Azərbaycan Avropa İttifaqına (Aİ) üzv olan bir sıra ölkələrlə ciddi strateji əlaqələrə malikdir. Belə bir vəziyyətdə Avropa Parlamentinin ermənilərin sifarişi əsasında belə bir qərəzli bəyanat yayması bu qurumun statusuna və prinsiplərinə tamamilə ziddir. Hətta, deyərdim, bu qurumun tamamilə qeyri-obyektivliyini sübut edir. Əslində, Azərbaycan hər zaman Avropa dəyərlərinə hörmətlə yanaşmış, insan hüquq və azadlıqlarının qorunması sahəsində bir çox nüfuzlu institutlarla əməkdaşlıq etmiş və etməkdədir. Lakin bu cür həqiqəti əks etdirməyən saxta və qərəzli məlumatlara yiyələnmək, bunlarla bağlı birtərəfli münasibət bildirmək bu sahədə fəaliyyət göstərən digər institutların da fəaliyyətinə və nüfuzuna xələl gətirməkdədir.
Adil Əliyev Milli Məclis sədrinin müavini Demokrat.az


