Gündəm Özəl

"İrəvan Azərbaycanın şərtləri daxilində yekun sülh sazişini imzalamalı olacaq" — ÖZƏL

İrəvan Azərbaycanın şərtləri daxilində yekun sülh sazişini imzalamalı olacaq — ÖZƏL

“Son vaxtlar Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı mövzu aktuallaşmağa başlayıb. Xüsusilə də, Paşinyan hakimiyyəti Ermənistanın Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu daha tez-tez təkrarlamaqla diqqəti çəkir. Böyük ehtimalla, rəsmi İrəvan Rusiyanın Ukrayna savaşında beynəlxalq superdövlət imicini itirərək, zəifləməyə başlaması Ermənistanda ciddi narahatlıq doğurmaqdadır. Çünki anlayırlar ki, Rusiyanın Cənubi Qafqazda da təsir gücü ciddi şəkildə zəifləyə bilər”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. Onun sözlərinə görə, bu, baş verərsə, Ermənistanın Azərbaycan qarşısında təklənmiş hədəfə çevrilə biləcəyi qətiyyən şübhə doğurmur:

“Ona görə də Paşinyan hakimiyyəti Azərbaycanın səbrinin tükənə biləcəyindən ehtiyatlanır. Hər halda, Rusiyanın zəifləməsi ilə Cənubi Qafqazın tamamilə Azərbaycan-Türkiyə ittifaqının nəzarəti altına düşə biləcəyini rəsmi İrəvan da anlayır. Bunun nəticəsi isə Ermənistana olduqca baha başa gələ bilər. Təbii ki, belə vəziyyətdə Ermənistan üçün yeganə xilas yolu Azərbaycanla yekun sülh sazişinin imzalanması ola bilər”.

Rəsmi Bakının yekun sülh sazişinin imzalanmasına qarşı olmadığını bildirən politoloq əlavə edib ki, ancaq rəsmi Bakı sülh sazişinin birmənalı şəkildə Azərbaycanın şərtləri çərçivəsində imzalanmasında israrlıdır:

“Ona görə də rəsmi Bakı Ermənistana yekun sazişinin imzalanması üçün beş bəndlik anlaşma şərtlərini göndərib. Və indi iki qonşu ölkə arasında sülh sazişinin imzalanıb-imzalanmayacağı məhz Azərbaycanın beş bəndlik anlaşma şərtlərinə Ermənistanın verəcəyi cavabdan asılıdır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da məhz bu səbəbdən rəsmi İrəvana Azərbaycanın sülh sazişinin imzalanmasına yol aça biləcək şərtlərinə müsbət cavab verməyi məsləhət görür. Üstəlik, Türkiyə xarici işlər naziri Paşinyan hakimiyyətinə sülh sazişinin Ermənistana aça biləcəyi iqtisadi-ticari və siyasi perspektivləri də izah etməyə çalışıb. Azərbaycan,Türkiyə və Gürcüstan müəyyən məsələlərdə ortaq əməkdaşlıq formatına malikdirlər. Bəzi məsələlərdə bu üçlüyün sırasına İran da qoşulduğundan həmin əməkdaşlıq üçlü formatdan dördlü formata da çevrilə bilir. Rəsmi Ankara Paşinyan hakimiyyətində Ermənistanın da belə əməkdaşlıq formatlarında iştirak etmək şanslarının olduğunun mesajını verir. Sadəcə, bunu üçün rəsmi İrəvan əvvəlcə Azərbaycanın şərtləri daxilində yekun sülh sazişini imzalamalı olacaq. Əks halda bu, mümkün deyil”.

“Digər tərəfdən, rəsmi Ankara Ermənistana sülh danışıqlarını birbaşa Azərbaycanla aparmağı da məsləhət görür. Çünki heç kəsə sir deyil ki, bu prosesə Rusiyanın vasitəçiliyi ilə davam edilsə, Azərbaycan və Ermənistan arasında müzakirələr illərlə sürə bilər. Çünki Kreml Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasında qətiyyən maraqlı deyil. Bu halda, Rusiyanın Cənubi Qafqazdakı geopolitik mövqeləri ciddi şəkildə öz əhəmiyyətini itirə bilər. Ona görə də, Kreml sülh danışıqlarının uğur qazanmasına qətiyyən imkan vermək istəməyəcək. Bu səbəbdən də, Türkiyə Azərbaycan və Ermənistan arasında birbaşa – hər hansı vasitəçi üçüncü tərəfin iştirakı olmadan ikitərəfli danışıqların aparılmasında maraqlıdır. Əgər, rəsmi İrəvan Türkiyənin verdiyi bu önəmli mesajlardan lazımi nəticə çıxartmağa nail olarsa, Rusiyanın sülh danışıqları prosesindən kənarlaşdırılması baş tuta bilər. Bu isə müəyyən mənada, Cənubi Qafqazda sülhü əngəlləyən əsas faktor olan Rusiyanın oyundankənar vəziyyətə salınması anlamı daşıyacaq”, - deyə E.Xalidbəyli vurğulayıb.

Aynurə Demokrat.az

D
demokrat.az