Sosial

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı əsas prioritetlərimizdəndir”

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı əsas prioritetlərimizdəndir”

Yazı Medianın İnkişafı Agentliyinin layihəsi çərçivəsində hazırlanmışdır

Ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsi vacib məsələ olduğuna görə, dövlətimiz də bu istiqamətdə bütün mühüm tədbirləri görüb və görməyə davam edir. Bu cür tədbirlərin vaxtında görülməsi təbii olaraq, uşaq və gənclərin vətənpərvərlik şüurunun formalaşmasına, torpağa məhəbbət və sədaqət hissinin oyanmasına, vətəndaşlıq borcunun, vətənin maraqlarının müdafiəsinə aid Azərbaycan Konstitusiyasında təsbit olunmuş qanunları düzgün yerinə yetirmələrinə çox yaxşı hazırlıqdır.

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı əsas prioritetlərimizdəndir”
Mövzu ilə bağlı açıqlama verən "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova Demokrat.az-a açıqlamasında bildirdi ki, fiziki və mənəvi cəhətdən inkişaf etmiş şəxslər ictimai həyatda başqalarından fərqlənir:

“Xüsusi olaraq qeyd edim ki, mütaliə uşaqların mənəvi inkişafına çox müsbət təsir göstərir. Mütaliəsi zəngin olanlar həyatda daha mübariz olurlar. Ancaq fiziki keyfiyyətin üstünlüyü də önəmlidir. Fiziki keyfiyyətlərə malik olan uşaqlar gələcəkdə vətənin müdafiəsində, əsgəri xidmətdə, hərbi vətənpərvərlik nümunələri də göstərirlər, düşmənə qarşı mübariz və amansız olur, öz vəzifələrini layiqincə yerinə yetirirlər. 44 günlük Vətən müharibəsində biz gənclərimizin həm fiziki, həm də mənəvi cəhətdən necə yüksək səviyyədə inkişaf etdiklərinin şahidi olduq. Cənab Prezidentimiz də 44 günlük müharibədə əldə olunan zəfərdə gənclərin rolunun xüsusi olduğunu daim vurğulayır. Uşaq və gənclərin fiziki və mənəvi inkişafıdan danışdıqda hesab edirəm ki, bir çox məsələlər qabardılmalıdır. Çünki uşaqlıq dövründə hər bir gənc müəyyən istiqamətlə özünə bir yol seçir. Amma bu istiqamət seçilərkən daha faydalı şeylərə diqqət etmək lazımdır. Bu səbəbdən fiziki və mənəvi cəhətdən inkişaf etmiş uşaqları, gəncləri yetişdirmək üçün hər kəsin üzərində bir məsuliyyət düşür”.

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı əsas prioritetlərimizdəndir”
Ekspert qeyd edib ki, müasir dövrdə uşaqlar daha dərin düşünür və çox tez inkişaf edirlər: “Uşaqları mənəvi cəhətdən inkişaf etdirmək üçün bir çox yollar var. Valideynlər mütləqdir ki, həftə sonlarını öz uşaqları ilə keçirsinlər. Bir faktı da qeyd edim ki, valideynlər uşaqlarını öz istəklərinə uyğun deyil, onların istəklərinə uyğun və düzgün yöndə istiqamətləndirməlidirlər. Biz buna daha çox təhsil sahəsində müşahidə edirik. Bəzən uşaqlar valideyn istəyinə uyğun istiqamətdə təhsilə yönəldilir ki, bu da məqbul hesab edilmir. Hesab edirəm ki, uşaqları sevdiyi sahələrə yönləndirmək daha məqbuldur və bir gəncin daha peşəkar kadr kimi yetişməsində onun istəklərinin nəzərə alınması daha düzgündür. Qeyd edim ki, bu gün ailə dəyərlərinin qorunması, insan hüquqlarının müdafiəsi, qadın və uşaq hüquqlarının müdafiəsi kimi proqramlar həyata keçirilir. Habelə, fiziki və mənəvi inkişafı ilə bağlı, xüsusilə yetkinlik yaşına çatmayanların bu sahədə idman proqramları, gənclər proqramları mövcuddur. Hesab edirəm ki, hər bir gənc bu proqramdan yararlanmalıdır. Ümumiyyətlə, xalqımızın fiziki və mənəvi xüsusiyyətlərə sahib olan gələcəyini təmin etmək üçün sağlam təfəkkürlü uşaqlar, gənclər yetişdirməlidir. Bu baxımdan hər bir valideyn öz övladını həm fiziki, həm də mənəvi cəhətdən yetişdirməli və cəmiyyət üçün önəmli faktorları təmin etməlidir”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə açıqlamasında vurğuladı ki, ulu öndər hakimiyyətə gəldikdən sonra onun ən çox önəm verdiyi sahələrdən biri də gənc nəslin milli və vətənpərvərlik ruhunda böyüməsinə nail olmaq idi.

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı əsas prioritetlərimizdəndir”
Deputat qeyd etdi ki, Azərbaycan gəncliyinin sağlam, milli və mənəvi ruhda yetişməsi üçün bugünədək davamlı addımlar atılmaqdadır:

“Qeyd edim ki, müxtəlif gənclər təşkilatları yaradıldı, orta və ali məktəblərdə bu məsələlərə xüsusi diqqət yetirildi. Məhz bu siyasətin nəticəsində biz gördük ki, Azərbaycanda yeni bir gənclik formalaşdı və bu gənclik Azərbaycan torpaqlarının işğaldan azad olunmasına öz ciddi töhfəsini verdi.Bu gün də cənab Prezidentin rəhbərliyi ilə xüsusi diqqət, qayğı var. Azərbaycan gəncliyinin milli vətənpərvər ruhda yetişməsi üçün bütün addımlar dövlət tərəfindən atılır. Bununla paralel olaraq hesab edirəm ki, qarşıda bir sıra mühüm vəzifələr var ki, biz onun öhdəsindən layiqincə, uğurla gəlməyi bacarmalıyıq. Bu gün bu istiqamətdə addımlar atılır, amma yenə də zaman-zaman biz gənclərin müxtəlif zərərli dini ideologiyaların təsirinə məruz qaldığının şahidi oluruq. Gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində biz addımlarımızı atmalıyıq, onların işlə təmin olunması istiqamətində işlər görülür. Və bu sahə hər zaman xüsusi diqqətdə olmalıdır. Bu gün gənclik gələcəyin liderləridir. Onların bu baxımdan sağlam və milli vətənpərvər ruhda böyüməsi çox önəmlidir. Bu gün nəzərə almalıyıq ki, gənclər müxtəlif təhdidlərlə üz-üzədir. Bu təhdidlərin qarşısının alınması üçün də ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilməlidir. Bu gün sosial şəbəkələr, ayrı-ayrı ideologiyalar vasitəsilə biz gənclərə təsir göstərildiyinin şahidi oluruq. Ona görə hesab edirəm ki, bu istiqamətdə xeyli işlər görülüb və görülməkdədir. Ancaq biz arxayınlaşa bilmərik, gənclərin inkişafı üçün milli və mənəvi dəyərlərimizə sadiq qalması və bu ruhda yetişməsi üçün addımlarımızı davamlı olaraq atmalıyıq. Bu məsələyə öz ciddi töhfəmizi verməliyik”.

Aynurə Pənahqızı Demokrat.az

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu:Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

D
demokrat.az