"Çox vaxt valideyinlər uşağın yaxşı qidalanmadığı, meyvə tərəvəz yemədiyi üçün narahat olurlar. Və yaxud da uşaq ara-sıra xəstələnir və ona görə də vitamini bir növ iştahgətirici, immunitet artırıcı bir preparat kimi görürlər. Amma burada unutduğumuz bir məqam var ki, vitaminlər hər şeyin dərmanı deyildir".
Demokrat.az xəbər verir ki, pediatr Altay Abdullayev vitaminlər barəsində danışarkən deyib.
"Körpəni adətən valideynlər özləri ilə müqayisə edirlər. Məsələn, özləri bir qab yeyirlərsə, körpə yarım qab yeyəndə, onu az görürlər. ⠀ Və yaxud da özləri xəstələnirlər, bunu normal qəbul edirlər. Amma uşaqları xəstələndiyi zaman immun sistemində mütləq bir problemin olduğunu hesab edirlər. Sonda təbii ki, yenə də bu vitaminlərə üz tuturlar.
Ona görə də əziz valideynlər, təbii bir şəkildə qidalanmaq daha üstündür. Körpə az da olsa təbii şəkildə qidalansın, təbii yeməklərdən meyvələrdən yesin. Az miqdarda qəbul edilmiş meyvə və tərəvəzlər əslində bizim uşaqlarımız üçün kifayətdir. Yəni, biz körpələrimizi, uşaqlarımızı özümüzlə müqayisə etməməliyik.
Sağlam körpə və uşaqlarımız da bəzən xəstələnə bilərlər, onlarda da müəyyən iştahsızlıqlar ola bilər. Uşaqlarınız sizin qədər yemək məcburiyyətində deyil. Onların özlərinin az miqdarda yediyi meyvə və tərəvəzlər kifayət edir.
Müayinə zamanı əgər görsək ki, həqiqətən müəyyən vitamin çatışmazlıqları var, bu uşaq kifayət qədər vitamin və mineral almırsa, o zaman yaşına görə, uyğun miqdarda vitaminlər istifadə edilməsini tövsiyə edirik. Lakin həkim nəzarəti ilə vitaminlər yazılmalıdır. Çünki düzgün istifadə olunmayan vitaminlər də müxtəlif problemlər yarada bilər. ⠀Yay dönəmində adətən biz vitaminlər yazmırıq, çünki yay, yaz və payız aylarında kifayət qədər mövsüm meyvələri olur, günəş, təmiz hava olur"- o qeyd edib.
Arzu Demokrat.az


