“Azərbaycan və İran arasında imzalanan Anlaşma Memorandumu çox böyük tarixi hadisə kimi yadda qalacaq”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat qeyd edib ki, bu məsələ bir çox region dövlətlər üçün də süpriz oldu:
“Bu, cənab Prezident İlham Əliyevin növbəti siyasi məharəti hesab edilməlidir. Yəni belə deyək ki, növbəti bir siyasət şahmatındakı matıdır. Çünki indiyə qədər Ermənistan ərazisindən Zəngəzur dəhlizi vasitəsilə ölkəmizin Şərqi Zəngəzur hissəsindən quru əlaqəsinin bərpası istiqamətində məsələlər gedirdi və bu, Azərbaycan-Rusiya-Ermənistan arasındakı bəyanatın bəndlərindən biri idi. İndiyə qədər Ermənistan bu bəndin icra edilməsini bu və ya digər formada ləngitməyə çalışırdı. Ancaq biz demişdik ki, Ermənistan istəsə də, istəməsə də bu, baş tutacaq”.
V. İskəndərov diqqətə çatdırdı ki, yeni kommunikasiya xətləri ölkəmizin iqtisadi cəhətdən əl qolunu açmağa imkan verəcək: “Bu, İran üçün də əlverişlidir. Siyasi anlamda isə İranla münasibətlərimizdə çox strateji dostluq əlaqələrinə söykənən məsələ kimi də qeyd edilməlidir. Burada Ermənistanın düşdüyü durum isə acınacaqlıdır. Çünki Ermənistanın indiyə qədər vaxt qazanmaq limiti var idi. İndi bu, onun artıq əlindən alınması deməkdir. Təbii ki, rus sülhməramlı kontingentinin, erməni tör-töküntülərinin də Qarabağdan tamamilə çıxarılması istiqamətində işlər sürətləndirməlidir. Azərbaycan bu gün yeni təqdim olunan və yeni yaranmış geosiyasi konfiqurasiyada meydandadır və ölkəsinin milli maraqları üçün nə lazımdırsa onu edir. Ümumiyyətlə, onu qeyd etmək lazımdır ki, Azərbaycan həm siyasi, həm iqtisadi məsələlərdə bu gün diktə edən ölkədir. Azərbaycan bu addımları ilə həm ölkəmiz, həm də bölgəmiz üçün hərtərəfli inkişaf vəd edir və bu cür böyük proqramlara imza atmaqla, qarşıda bizi çox böyük qələbələrin gözləndiyini ehtiva edir. İnanıram ki, hələ qarşıda cənab Prezidentimzin rəhbərliyi altında ölkəmiz çox böyük nailiyyətlər əldə edəcək”.
Aynurə Pənahqızı Demokrat.az


