Gündəm

İqtisadi dividendlər vəd edən, Naxçıvanı blokadadan çıxaracaq yeni kommunikasiya dəhlizi

İqtisadi dividendlər vəd edən, Naxçıvanı blokadadan çıxaracaq yeni kommunikasiya dəhlizi

Zəngəzur dəhlizinin reallaşması istiqamətində praktiki addımlar atan Azərbaycan Ermənistanın planlarını pozdu.

44 günlük Vətən müharibəsindəki tarixi qələbədən sonra yaranan yeni reallığa uyğun qonşu dövlətlərlə münasibətlərini inkişaf etdirən Azərbaycan dövləti daha bir tarixi sənədə imza atdı. Ölkəmizlə İran arasında imzalanan və yeni kommunikasiya bağlantılarının yaradılmasını özündə ehtiva edən Anlaşma Memorandumu məhz yaranan reallıq fonunda ərsəyə gəlib.

Sənədin ayrı-ayrı detallarına, üstünlüklərinə toxunmazdan öncə vurğulamaq vacibdir ki, Azərbaycan tarixi qələbədən ötən zaman kəsiyində xoş niyyətini açıq şəkildə ortaya qoydu. Qalib tərəf olmasına, üstəlik Ermənistanın 30 ilə yaxın işğalçılıq siyasətindən zərər görməsinə rəğmən, sülh müqaviləsinin imzalanması, iki ölkə arasında kommunikasiyaların bərpası üçün siyasi iradə ortaya qoydu. Ermənistan isə tam əks mövqe tutdu. Düşmənçiliyi yerə qoymağa özündə güc tapmayan və ya bilərəkdən bunu etməyən Ermənistan müxtəlif əsassız bəhanələrlə Zəngəzur dəhlizinin yaradılmasına hər cür maneçilik törətdi. Və nə yazıq ki, dəhlizin qəsdən əngəllənməsi siyasətinin hansısa bir nəticə verəcəyi xəyalına qapıldı. Hansı ki, Zəngəzur dəhlizinin yaradılması, ilk növbədə Ermənistana iqtisadi dividentlər qazandıracaqdı. Bu gün Ermənistanın iqtisadi durumunun acınacaqlı vəziyyətdə olması göz önündədir. Tarixi Qələbəmizə qədər Azərbaycanın işğalçı Ermənistana qarşı təcrid siyasətini bütün sferalarda davam etdirməsinin nəticəsində bu ölkənin siyasi və iqtisadi sisteminin çökməsinin şahidi olmuşuq. Ermənistan rəhbərliyinin yaranmış regional vəziyyəti düzgün dəyərləndirib doğru qərar verəcəyinə az da olsa, ümid var idi. Azərbaycan dəfələrlə bunun əksinin Ermənistana yaxşı heç nə vəd etmədiyini vurğulamışdı.

Və Ermənistan dirçəlmək, inkişaf etmək, dinc qonşuluq münasibətləri qurmaq şansını növbəti dəfə qaçırdı. Zəngəzur dəhlizi ilə açılacaq nəqliyyat və enerji xətlərinin texniki əsaslandırılması hazırlansa da, Ermənistan dürüst ola bilmədi. Üzərinə götürdüyü öhdəliklərdən qaçan Ermənistan dəhlizin reallaşmasını əngəlləmək siyasətinə sadiq qalaraq, hər hansı real addım atmadı, müvafiq yer ayırmaq qərarını il yarımdır yubadır.

Təbii ki, bunun arxasında Azərbaycana qarşı təsir rıçağını əldə saxlamaq və hansısa məkrli planlar qurmaq dayanırdı. Ermənistan tərəfinin düşüncəsi belə idi ki, qeyd edilən kommunikasiya yalnız onun ərazisində və onun icazəsi ilə yaradıla bilər, hansısa alternativ mümkün deyil. Nəticə və Ermənistanın növbəti yanlış hesablaması göz önündədir.

Azərbaycan eyni coğrafiyada, Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda qonşu İran dövləti ərazisindən keçəcək yeni kommunikasiya bağlantısı yaradır. Bir tərəfdə öz planlarını düşünülümüş şəkildə həyata keçirən Azərbaycan, digər yanda isə növbəti dəfə tarixi şansını itirərək mühüm geostrateji əhəmiyyətə malik layihədən kənarda qalan Ermənistan. Və müharibədən sonra Ermənistan növbəti dəfə uduzdu...

Azərbaycan belə demək mümkünsə, Zəngəzur dəhlizini cənub istiqamətində genişləndirdi. Ermənistan bundan sonra geriyə addım atmalı olsa belə, Azərbaycan ilə Şimali Zəngəzur dəhlizinin açılmasını tamamilə başqa şərtlər altında müzakirə etmək zorunda qalacaq.

Azərbaycan və İran hökumətləri arasında imzalanan (Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu) sənəd hansı üstünlüklərə malikdir?

İlk növbədə vurğulamaq vacibdir ki, regionun geosiyasi dinamikası Azərbaycanın fəaliyyəti ilə sıx bağlıdır. Özünün xarici siyasətində regional əməkdaşlığa, təhlükəsizliyə və nəqliyyat-logistik infrastrukturun inkişafına üstünlük verən Azərbaycan regional lider kimi mövqeyini möhkəmləndirib və ortada ölkəmizin yaxın gələcəkdə mövqelərinin daha da güclənəcəyini proqnozlaşdırmaq üçün ciddi əsaslar mövcuddur. Azərbaycanın həyata vəsiqə qazandırdığı qlobal iqtisadi layihələr və bilavasitə ölkəmizin təşəbbüsü, yaxından iştirakı ilə formalaşan yeni əməkdaşlıq formatları regionın iqtisadi inkişafına, qarşlıqlı səmərəli əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Yeni kommunikasiya bağlantısı bu siyasətin davamı olmaqla Azərbaycanın geostrateji müstəvidə yeni qələbəsidir.

Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan MR arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasını hədəfləyən memorandumun bəzi detallarına diqqət edək:

- Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla, ümumilikdə 4 körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur və həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək;

- Tərəflər ərazilərində gündə 500 giriş və 500 çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini öz öhdəsinə götürür;

- Tərəflərin qanunvericiliyi ilə müəyyənləşdiriləcək şirkət tərəfindən layihə sənədləri bir ay müddətində hazırlanacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq razılaşdırılacaq;

- Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək;

- İranı Naxçıvan MR-in Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri İran tərəfi həyata keçirir;

- Körpülərin layihələndirilməsi və tikintisi üçün tərəflərin müvafiq qurumlarının nümayəndələrindən ibarət Birgə işçi qrup yaradılacaq;

Göründüyü kimi, bu böyük tarixi layihə, həm də böyük iqtisadi dividentlər vəd edir.

Daha geniş hədəfləri əhatə edən layihə regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə gətirib çıxaracaq. Layihə təkcə iqtisadi dividendlər gətirməyəcək, eyni zamanda, Naxçıvan MR-in blokadadan çıxmasında, muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davamlı bağlantısının yaradılmasında mühüm rola malik olacaq. Başqa bir məqam isə odur ki, elektrik enerjisi ixracatçısı kimi imkanları artan Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana, Türkiyəyə, daha geniş mənada Avropaya elektrik enerjisi ixrac etmək imkanı da qazanacaq.

Onu da nəzərə almaq lazımdır ki, Rusiya ilə Ukrayna arasında gedən hərbi əməliyyatlar layihənin önəmini daha qabarıq şəkildə ortaya qoyur. Belə ki, Rusiyaya qarşı ciddi sanksiyaların tətbiq edildiyinin və bununla bağlı Şərq-Qərb nəqliyyat-tranzit dəhlizlərinin bu ölkədən keçən seqmeninin məhdudlaşdığının şahidiyik və bu prosesin uzun müddət davam edəcəyi proqnozlaşdırılır.

Məhz belə bir dövrdə İran ərazisindən keçəcək yeni kommumikasiya bağlantısının mühüm əhəmiyyət və böyük perspektiv daşıdığı daha aydın görünməkdədir.

Azərbaycanla İran arasında diplomatik münasibətlərin qurulmasınnın 30-cu ildönümünə təsadüf edən bu layihə təkcə iki ölkə arasında dostluq, yaxın qonşuluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etməyəcək. Azərbaycanın region ölkələri ilə əlaqələrini daha da inkişaf etdirəcək layihə bölgədə təhlükəsizliyin bərqərar olmasına, inkişafa mühüm töhfə verəcək. Bölgədəki yeni reallığın müəllifi olan Azərbaycan Gürcüstan, Türkiyə, Rusiya və İranın maraqları ilə kəsişməyən proqramlar həyata keçirməkdə, paralel olaraq ABŞ və Avropa ölkələri ilə əlaqələrin inkişaf etdirməkdə və Cənubi Qafqazda geosiyasi sabitliyi təmin edə biləcək əsas güc olduğunu isbatlamaqdadır.

Elman Babayev Əməkdar jurnalist

D
demokrat.az