Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin təsis edilməsi, regional əməkdaşlıq üçün təmaslar intensiv şəkildə davam etdirilib. Bununla bağlı məlumat Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatında əks olunub. Hesabata əsasən, Ermənistanla münasibətlərin təsis edilməsi üzrə fəaliyyət 2021-ci il ərzində də aparılıb.
Sənəddə, həmçinin, qeyd edilib ki, Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında dövlətlərarası münasibətlərin təsis edilməsi, regional əməkdaşlıq, inkişaf, tərəqqi üçün regional və regiondankənar tərəfdaş dövlət və beynəlxalq təşkilatlarla təmaslar intensiv şəkildə davam etdirilib.
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılığa gəldikləri haqda ötən ilin sonunda xəbərlər vardı.
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin hər iki ölkə liderləri ilə telefon danışığından sonra qurumun yaydığı məlumatda bu məsələ barədə qeyd edilib. Ardınca ABŞ Azərbaycanla Ermənistan arasında müdafiə nazirlikləri vasitəsilə birbaşa əlaqə xəttinin yaradılması barədə qərarı alqışlayıb. Bunu Vaşinqtonun Bakıdakı səfiri Li Litzenberger deyib. Ancaq əvvəlki dövrlərdə buna bənzər təkliflər olsa da, reallaşmayıb.
Maraqlıdır ki, Azərbaycan və Ermənistan dövlətləri arasında hər hansı sülh sazişi yoxdur. Bəs o halda “Azərbaycan Ermənistanla dövlətlərarası münasibətlər qurur” nə anlama gəlir?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirdi ki, Azərbaycan dövləti imzaladığı sənədlərə və vermiş olduğu bəyanatlara hörmətlə yanaşır və onların həll edilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirir: “Söhbət Azərbaycan-Ermənistan münasibətlərindən, dövlətlərarası münasibətlərin qurulmasından gedirsə, Azərbaycan bu istiqamətdə də konstruktiv mövqedə olduğunu nümayiş etdirir. Nazirlər Kabinetinin hesabatında əksini tapan məsələ bunun göstəricisidir. Azərbaycan bu sənəd vasitəsilə də qeyd edir ki, Ermənistanla münasibətlər qurulmasında maraqlıdır. Baxın, Azərbaycan dövləti beynəlxalq sənədlərdə atmış olduğu imzasından irəli gələn məsələlərin həlli üçün addımlar atır. Bu addımların nədən ibarət olduğu Nazirlər Kabinetinin hesabatına daxil edilir. Bu, Azərbaycana beynəlxalq arenada münasibətə müsbət dividentlər gətirir. Avropa İttifaqının, ABŞ-ın prosesi dəstəkləməsi və alqışlaması da bunun sübutudur. Biz Ermənistanla münasibətlər qurulmasında maraqlı olduğumuzu rəsmi sənədlərdə də göstəririk. Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirir, Zəngəzur dəhlizinin Azərbaycan tərəfinə düşən hissəsində real işlər aparır. Azərbaycan regionda sülhün bərqərar olmasında maraqlı olduğunu hökumətin rəsmi hesabat sənədində də nümayiş etdirir. Lakin Ermənistan tərəfindən qeyr-adekvat addımların şahidi oluruq. Ermənilər sözdə sülhdən danışırlar, əməldə isə əksini edirlər, atəşkəsi pozurlar, sərhədlərin delmitasiya və demarkasiya prosesindən danışırlar, buna baxmayaraq, sərhəddə təxribatlar törədirlər. Görünən budur ki, Ermənistan dövlətlərarası münasibətlərin qurulmasında maraqlı deyil. Azərbaycan isə həmişə olduğu kimi, əxlaqlı siyasət yürüdür, sözü ilə əməli üst-üstə düşür”.(musavat.com)
Demokrat.az


