Gündəm

Türkiyə ilə Azərbaycan müttəfiqliyi bölgə və dünya üçün də artıq vacib rol oynamağa başlayıb

Türkiyə ilə Azərbaycan müttəfiqliyi bölgə və dünya üçün də artıq vacib rol oynamağa başlayıb

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işguzar səfəri indiki mürəkkəb dönəmdə iki ölkə arasında mövcud olan münasibətlərə bir daha nəzərdən keçirməyi önəmli edir. O baxımdan ki, iki qardaş ölkənin əlaqələri son vaxtlar Ukrayna və Rusiya arasında yaşanan hadisələr fonunda daha qabarıq şəkildə üzə çıxır. Ukrayna və rus xalqları Azərbaycan və türk xalqı kimi qardaş xalqlar hesab olunsa da, bu gün tam fərqli mənzərənin şahidiyik. Dünya bir tərəfdə Azərbaycan və Türkiyənin simasında əsl qardaşlıq nümunəsini, digər tərəfdə isə bir-birinə qarşı düşmən olan, silah çevirən Ukrayna və rus xalqlarını görməkdədir...

Deməli, qardaş xalq olmaq, eyni kökdən gəlmək, eyni dilə sahib olmaq heç də həlledici amil deyil. Əsas düzgün, ağıllı siyasət yürütmək, kökdən gələn bağlılığı həqiqi birliyə, qardaşlığa çevirməkdir.

Azərbaycanla Türkiyə arasındakı sağlam, güclü birliyi, qardaşlığı müttəfiqlik səviyyəsinə qaldırmaq heç də asan başa gəlməyib. Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluğunun ölkələr arasındakı əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasında önəmli rola malik olduğunu xüsusi vurğulamaq vacibdir. Tarixə istinad etsək, iki dövlət ayrı-ayrı dövrlərdə müəyyən yaxın əlaqələrə malik olub, amma etiraf etmək lazımdır ki, heç vaxt indiki kimi çəkici bir yerə vurmaq, həqiqi birlik sərgiləmək alınmayıb.

Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş siyasət və şəxsi səyləri nəticəsində Azərbaycanın regionun güc mərkəzlərindən olan qardaş Türkiyə ilə isti əlaqələri yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Hazırda kifayət qədər yaxın münasibətlərə malik Türkiyə və Azərbaycan əlaqələri dünya miqyasında müqayisə olunmaz həddə yüksəlib və iki ölkə arasında siyasi, iqtisadi, hərbi, mədəni, digər sahələrdə qarşılıqlı əlaqələr daha da intensivləşib.

Uzağa getmədən son 2 il ərzində yaşanan hadisələrə baxsaq, iki dövlətin təkcə xoş gündə deyil, acı gündə də bir yerdə olmağı bacarmasını, bütün sınaqlardan alnıaçıq, üzüağ çıxdıqlarını görmək olar.

44 günlük Vətən müharibəsində Azərbaycana ən güclü mənəvi dəstəyi verən ölkə məhz Türkiyə oldu. Türkiyə birmənalı və açıq mövqe sərgiləyərək bütün tribunalarda Azərbaycanın haqq işini müdafiə etdi, haqq davamızı öz davası saydı. Ötən il Türkiyə dövləti yanğın fəlakəti ilə üz-üzə qalanda, Azərbaycan eyni mövqedən çıxış etdi. Türkiyədəki faciəni özününkü bilən Azərbaycan bütün imkanları ilə dar gündə əsl qardaşlıq nümunəsi sərgilədi.

Bu qəbildən olan kifayət qədər misallar göstərmək mümkündür. Azərbaycan və Türkiyə bütün sferalarda bir-birinin yanındadır, imzalanan yeni-yeni sənədlər iki ölkənin bir-birinə bağlılığını daha da möhkəmləndirir.

Azərbaycanla Türkiyənin imzaladığı sənədlər arasında Şuşa Bəyannaməsi daha ağır siyasi çəkiyə malikdir. Bu Bəyannamə taleyüklü məsələlərdə necə davranmağı müəyyən edən əhəmiyyətli hüquqi sənəddir; 100 il bundan öncə rəsmiləşən Qars müqaviləsindən də bəlkə daha vacibdir. Bəyannamə ilə Azərbaycan və Türkiyənin hərbi sahədə əməkdaşlığı, Qarabağın azadlığa qovuşmasından sonra Türkiyənin yeni dönəmdə hərbi-siyasi nöqteyi-nəzərdən hansı mövqedə dayandığı əks olunub: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.

İndiki mürəkkəb geosiyasi proseslər fonunda Şuşa Bəyannaməsinin təkcə bu bəndinin əhəmiyyəti daha aydın şəkildə anlaşılır.

İki qardaş ölkə bu sənədlə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirməklə yanaşı, gələcəkdə hansı istiqamətdə yürüyəcəklərini müəyyən ediblər.

Bəyannamədə Azərbaycan və Türkiyəni birləşdirən ölkəmizin qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəkləri də yer alıb. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək, region ölkələri ilə yanaşı, bölgə ilə bağlı sıx iqtisadi bağları olan, coğrafi baxımdan uzaq dövlətlərə iqtisadi baxımdan üsütünlüklər gətirəcək Zəngəzur dəhlizinin reallaşması üçün görülən birgə işlər həyata vəsiqə qazanmaqdadır. Türk dünyasında uzaqgörən, məqsədyönlü, prinsipial lider kimi şöhrət qazanan Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin həyata vəsiqə qazanması üçün ən böyük xidmət göstərən Liderdir və bu dəhlizin açılması ilə türkdilli dövlətlər arasında coğrafi bağlılıq bərpa ediləcək, bütün Türk dünyasının birlik arzusu reallığa çevriləcək.

Bu gün Türkiyə və Azərbaycanın müttəfiqliyi beynəlxalq müstəvidə yaşanan proseslərə də ciddi töhfə verməkdədir. Buna daha bir nümunə Ukraynada baş verən son hadisələrdir. Dünya gücləri tərəfindən Ukraynada sülhün bərqərar olmasına yönəlmiş çağırış və səylərin nəticəsizliyi göz önündədir. Azərbaycan və Türkiyənin davam etdirdiyi birgə səylər Ukrayna və Rusiya arasında təmasların yaranmasına imkan yaradır və aparılan danışıqların yaxşı nəticəyə gətirib çıxaracağına ümid yaradır.

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti nəticəsində həyata keçirilən enerji layihələrinin (TANAP, TAP) önəmi indiki dönəmdə daha da qabarıqdır. Ukrayna və Rusiya arasındakı savaş dünya üçün enerji yollarının şaxələndirilməsinin çox vacib olduğunu ortaya qoyur. Bu enerji layihələri Azərbaycan və Türkiyənin regionda strateji əhəmiyyətini daha da artırmaqla yanaşı, Avropanın qaz tədarükünün və marşrutlarının diversifikasiyası üçün nə dərəcədə əhəmiyyətli olduğunu sübuta yetirməkdədir.

Öz gələcəyini müştərək tarix üzərində quran Türkiyə və Azərbaycan birliyinin, müttəfiqliyinin təkcə xalqlarımız üçün deyil, bölgə, dünya üçün nə dərəcədə vacib rol oynadığı günbəgün öz təsdiqini tapmaqdadır.

Elman Babayev Əməkdar jurnalist Demokrat.az

D
demokrat.az