Gündəm

Elçin Əfəndi: “Bu gün bir çox tələbələr tədris vəsaitləri tapmaqda çətinlik çəkirlər”

Elçin Əfəndi: “Bu gün bir çox tələbələr tədris vəsaitləri tapmaqda çətinlik çəkirlər”

“Düşünürəm ki, universitetlərdə tədris ilin sonuna kimi hibrid formada davam edəcək. Yalnız növbəti tədris ilindən etibarən dərslər ənənəvi qaydada başlana bilər”.

Bunu Demokrat.az- a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. Onun sözlərinə görə, dərslərin hibrid formada keçirilməsi tələbə-müəllim münasibətlərində müəyyən çətinliklər ortaya çıxarıb:

“Təbii ki, bu kimi hallar təhsil göstəricilərinə mənfi mənada təsir edir. Bundan başqa, biz nəticə etibarilə əmək bazarında ixtisaslı kadrların hazırlamaqla bağlı problemlər yaşayırıq. Düşünürəm ki, gec olmadan ilin sonuna qədər bəzi dərsləri ənənəvi qaydada bərpa etmək olar. Amma pandemiyanın davam etdiyini nəzərə alsaq, tədris yenidən bərpa olunmaya bilər. Biz istənilən halda tələbələrin təhsil almalarına imkan verməliyik. Onların daha çox ənənəvi qaydada bərpa olunmasına çalışmalıyıq. Hazırda müəyyən ixtisaslar var ki, orada tələbələr onu laboratoriyada keçməlidir, yaxud da ki, sonuncu kurs tələbələri müvafiq təcrübə keçməlidirlər. Lakin biz bu gün bu kimi problemlərin şahidi oluruq və bu da əmək bazarında ixtisaslı kadrların hazırlanmasında problemlər yaradır”.

Təhsil eksperti qeyd edib ki, tələbələrin rastlaşdığı ən ciddi problemlərdən biri də dərs vəsaitlərinin olmaması ilə bağlıdır:

“Bu gün bir çox tələbələr tədris vəsaitləri tapmaqda çətinlik çəkirlər. Dərsliklər ya rus, ya ingilis, ya da digər dillərdədir. Azərbaycan dilində dərsliklər demək olar ki, nəşr olunmur. Ona görə də, biz tələbələrin sırf dərsliklərdən uzaq düşməsini müşahidə edirik. Dərsliklər ya onlayn qaydada, ya pdf formasında olur ki, bu da müəyyən qədər onları dərslərdən uzaqlaşdırır. Demək olar ki, tələbələrin vaxtlarının çoxu kserokopiyada keçir. Hesab edirəm ki, tələbələr üçün dərslikləri əlçatan olmalıdır. Ancaq bu sahədə kifayət qədər problemlər var. Bu gün bəzi universitetlər istisna olmaqla, bir çoxunda təhsil keyfiyyətləri olduqca aşağıdır. Bunu da mütləq aradan qaldırmaq lazımdır və bu sahədə güclü islahatlara ehtiyac var. İlk növbədə müəllim-professor heyəti üzərində qərar vermək lazımdır. Yəni, o baxımdan ki, yeni müəllimlərin cəlb olunması vacibdir. Bundan əlavə universitetlərin maddi texniki təminatı gücləndirilməlidir. Universitetlərdə laboratoriyalar yaradılmalıdır. Həmçinin, təcrübə müddəti 3-4 ay əhatə etməməlidir, ən azı bir il olmalıdır. Hesab edirəm ki, belə olduğu halda müəyyən nailiyyətlər əldə etmək olar”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az