Kriminal

Evində silah və narkotik saxlayan şəxs cəzalandırıldı — Hökm

Evində silah və narkotik saxlayan şəxs cəzalandırıldı — Hökm

Masallı rayon unda silah və narkotik gəzidrməkdə ittiham olunan 1983-cü il təvəllüdlü Ramil Şiriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ramil 2,697 qram psixotrop maddə metamfetamini və 0,330 qram narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz əldə edib. O, həmin narkotik vasitələri üzərində və idarə etdiyi “Mitsubishi Pajero minik” markalı avtomobilində saxlayıb.

1 fevral 2020-ci ildə Masallı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində Ramil idarə etdiyi “Mitsubishi Pajero minik” markalı avtomobili ilə saxlanılıb və rayon polis şöbəsinə gətirilib.

Orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən 1 ədəd polietilen kəsiyi bükümündə ümumi təmiz çəkisi 0,360 qram olan psixotrop maddə metamfetamin və həmin avtomobilə baxış keçirilən zaman avtomobilin sürət qutusunun yanında olan “stress çarxı” adlanan oyuncaq əşyanın yuvacıqlarında ümumi təmiz çəkisi 0,330 qram olan narkotik vasitə heroin aşkar edib.

Bundan başqa 13 dekabr 2020-ci ildə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həmin istintaq təcridxanasında saxlanılan Ramilin yaşadığı evində qanunsuz olaraq silah gizlətməsi barədə məlumat əldə olunub.

Həmin gün Masallı rayon polis şöbəsi və Penitensiar Xidmətin əməkdaşları tərəfindən Ramilin Ərkivan qəsəbəsində yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəsində olan saxlanc yerlərinə baxış keçirilib.

Fərdi yaşayış evinin arxasında tikilmiş mal-qara saxlamaq üçün nəzərdə tutulan tövləyə baxış zamanı tövlənin döşəməsinə yaxın hava yolu kimi nəzərdə tutulan dəlikdən Ramilin qanunsuz olaraq saxladığı silah-sursatlar aşkar olunub.

İstintaq orqanı tərəfindən Ramilin barəsində 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramilin ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi həmin məcəllənin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsinə tövsif olunub.

Ramil Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib, ona 3 il müddətinə cəza təyin olunub. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Məhkəmə həmçinin Ramilin narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, onun ərazi narkoloji kabinetində qeydiyyata alınması barədə qərar qəbul edib.

Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror Ramilin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirildiyini deyib. O, Ramilin Cinayət Məcəlləsinin 234.3.4 və 228.1-ci maddələri ilə təqsirli bilinib, onun daha ağır cəza növü ilə cəzalandırılmasını istəyib.

Bundan başqa, təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində olan həbs cəzasının həbs olumayan cəza növü ilə əvəz olunmasını istəyib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə həm prokurorun protesti, həm də təqsirləndirilən şəxsin şikayəti təmin olunmayıb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az