Sabirabad rayonunda 1975-ci il təvəllüdlü Samir şəxsi münasibətlər zəminində qohumu Sabirə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Samir Sabirin barəsində əvvəllər nalayiq söz deməsi səbəbindən sonuncu qərəzli qalmaqla onun yaşadığı Sabirabad rayonu Qaratoğay kəndində yerləşən evin küçəsinə gəlib.
Samir onunla görüşüb, barəsində rusvayedici sözlər danışdığını irad bildirib. Sonra Sabirə dediyi sözlərə aydınlıq gətirməsi üçün gəldiyi avtomaşına əyləşməyi və kəndin mərkəzində olan çayxanaya getməyi təklif edib.
Samir Sabirin ona qarşı hər hansı bir xəsarət yetirəcəyini ehtimal edib, yaşadığı evdən bıçaq götürüb, sonra onun gəldiyi “VAZ-2106” markalı avtomaşına əyləşib.
Daha sonra rayonun Qaratoğay kənd mərkəzində olan çayxananın qarşısına gəliblər. Orada aralarında olan şəxsi münasibət zəmnində mübahisə zamanı Sabirin çayxananın yaxınlığında toplaşmış insanların gözləri qarşısında onun ünvanına şəxsiyyətini alçaldan nalayiq sözlər işlətməsi səbəbindən qərəzli qalmaqla sonuncuya ağır xəsarət yetirmək qərarına gəlib.
Bu niyyətlə üzərində gəzdirdiyi həmin bıçaqla Sabirin qarnının ön sağ qılça nahiyəsinə bir zərbə vurub.
İstintaq orqanı tərəfindən Samirin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir 3 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.
Samirin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Müdafiəçi Samirin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməsini, onun cəzasının şərti hesab edilməsini istəyib.
Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Samirin barəsində verilən şikayət təmin olunmayıb.
Fariz Məlikli Demokrat.az


