Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə baş verənlər Volkovun tam neytral fiqurla əvəzlənməsini qaçılmaz edir.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvlərinin ordumuzun mövqelərini atəşə tutması intensiv xarakter almaqdadır. Demək olar ki, hər gün bu qəbildən olan hadisələrin şahidiyik. Azərbaycan Müdafiə Nazirliyi sonuncu açıqlamasında ordumuzun qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirdiyini bildirib. Təxribatların qarşısını almaq məqsədilə ordumuz tərəfindən adekvat cavab tədbirlərinin görülməsinə baxmayaraq, prosesin davamlı xarakter alması ciddi və narahatlıq doğuran fakt kimi qalmaqdadır.
Qarabağda nə baş verir? Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisilərində prosesi körükləyən kimlərdir?
Nə deyilməsindən asılı olmayaraq, bu qəbildən olan suallara cavab axtararkən bütün nəzərlər Rusiya sülhməramlılarının üzərinə yönəlir. Çünki sülhməramlılar atəşkəsin qorunub saxlanılması üçün görəvləndirilib. Atəşin məhz elə sülhməramlıların olduğu ərazilərdə pozulması qəbuledilən hal deyil və bir çox mətləblərdən xəbər verir.
Baş verənlər, ilk növbədə vurğulamağa əsas yaradır ki, sülhməramlılar qanunsuz erməni silahlı dəstələrini himayə etməklə məşğuldur. Əks təqdirdə həmin quldur dəstələri əlini-qolunu sallayıb sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında belə arxayın şəkildə gəzə bilməzdi. Erməni quldur dəstələrinin səngərlər qazmaq, Azərbaycan Ordusuna silah yönəltmək cürətini də sülhməramlılardan aldığı şübhə doğurmur. Yoxsa 44 günlük müharibədə Azərbaycan Ordusunun gücünü dadan erməni quldur dəstələri hec vəchlə belə cəsarətə sahiblənə bilməzdi. Deməli, ilana zəhər verən var və zəhəri verən də sülhməramlılardır.
Atəşkəsin sülhməramlı kontingentin komandanı Andrey Volkovun rəhbərliyi dövründə daha da çoxalması diqqəti cəlb edir. Bu baxımdan son günlər mətbuatda Volkovun ifrat ermənipərəstliyi, həmçinin sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında özünə biznes qurması barədə yer alan faktlara nəzər salmaq vacibdir. Belə ki, Volkovun sülhməramlıların müvəqqəti məsuliyyət zonasında, o cümlədən Pirlər kəndindəki üzüm bağlarında öz biznes maraqlarını əldə etdiyi, eyni zamanda onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək separatçılara mütəmadi qaçaqmalçılıq xidməti göstərdiyi bildirilir. Başı var-dövlət əldə etməyə qarışan general Volkov öz missiyasını tamamilə unudub.
Volkovun əsl missiyasını unutmasına rəvac verən digər məqam psixoloji durumla bağlıdır və onun azərbaycanlılara qarşı şəxsi nifrətinin yaranması səbəbsiz deyil. 2020-ci ilin dekabr ayında Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində bir qrup erməni diversantın zərərsizləşdirilməsi üçün Azərbaycan bölmələrinin keçirdiyi xüsusi əməliyyat yaddaşlardan silinməyib. Həmin vaxt erməni tərəfi Volkova güvənərək bu kəndlərdə möhkəmlənməyə çalışmışdı. Həmin vaxt Rusiya hərbi kontingentinin komandirinin müavini vəzifəsində çalışan Volkov şəxsən zirehli transportyorunu Azərbaycan Silahlı Qüvvələrinin əməliyyat zonasına aparıb. Fəqət hərbçilərimiz tərəfindənVolkov mühasirəyə alınıb və daha sonra müəyyən şərtlər çərçivəsində təxliyə edilib.
Bir sözlə, bu gün Volkov Qarabağda şəxsi biznes maraqları və azərbaycanlılara qarşı şəxsi düşmənçiliyi olan şəxs kimi qanunsuz erməni silahlı dəstələrinin himayəçisinə çevrilib. Bu faktlar Volkovun daha neytral fiqurla əvəzlənməsini qaçılmaz edir. Reallıq budur ki, Volkov sülhün bərqərar olması missiyasını tamamilə bir kənara buraxıb və separatizmi alovlandırmağa xidmət edir. Volkovun yönəltdiyi sülhməramlılar ordusu məhv olmuş, iqtisadiyyatı çökmüş Ermənistanın başıpozuq dəstələrini məqsədli şəkildə təxribatçı hərəkətlərə həvəsləndirir.
Beləliklə, sülhməramlı missiya həyata keçirən Rusiyanın bu istiqamətdə fəaliyyətinə növbəti dəfə kölgə düşüb. Sülhməramlılar qanunsuz erməni dəstələrinin təxribatlara əl atmayacağına zəmanət verə bilmir. Ya da bunu etmək istəmir. Nəticə birdir; separatçılara dəstək Rusiyanın sülhməramlı kimi etimadı itirməsini göz önünə sərgiləyir.
Rəsmi Moskva sülhməramlı kontingentin tərkibində Volkov kimi adamların davranışlarına seyrci qalmamalı, adekvat addımlar atmalıdır.
Sözsüz ki, bütün bu təxribatlar hədəfinə çatmayacaq. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü qorumaq, bərpa etmək qüdrətini 44 günlük müharibə ilə hamıya nümayiş etdirib. Azərbaycanın məsələnin diplomatik yollarla həllinə çalışması strateji müttəfiqliyi qorumaq, gücləndirmək niyyətindən qaynaqlanır. Eyni davranışı qarşı tərəfdən də gözləyir.
Təxribatlar təkrarlanacağı təqdirdə Azərbaycanın daha geniş müstəvidə adekvat cavab vermək zorunda qalması qaçılmaz olacaq.
Elman Babayev Əməkdar jurnalist Demokrat.az


