“Müharibə zamanı dövlətlər arası münasibətləri pozmaq, ziddiyyətlər yaratmaq, başqa ölkələri də münaqişəyə cəlb etməkdən üçün müəyyən təxribatlar törədilə bilər”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev Xarkovda Azərbaycan rəsmi konsulluğunun vurulmasını şərh edərkən deyib. Deputat qeyd edib ki, bu gün Rusiyanın Azərbaycanla münasibətləri sağlamdır:
“Biz bir-birimizin suverenliyinə, müstəqilliyinə hörmət edən dövlətlərik. Ancaq bu gün Rusiyanın özünün daxilində Rusiya hakimiyyətini istəməyən, müharibəni qızışdırmağa çalışan insanlar çoxdur. Bunlar hərbi sahədə də, dövlət qulluğunda da, eləcə də digər sahələrdə var. Xarkovda Azərbaycanın rəsmi konsulluğunun vurulması deməzdim ki, Azərbaycana qarşı düşmənçilikdir. Bunu Rusiya rəhbərlərinin adına, Rusiya dövlətinin adına da yazmaq düzgün olmaz. Çünki bundan istifadə edib, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək istəyən qüvvələr olacaq. Ancaq yenə də deyirəm bu müharibədir. Burada səhvlər ola bilər, müəyyən obyektlər düzgün nişanlanmaya bilər. Həmin raketlər düzgün istiqamətləndirilməyə bilər. Əslində, Azərbaycan xalqı sülhün, əmin-amanlığın tərəfdarıdır. O, heç vaxt istəməz ki, qan tökülsün. Rusiya-Ukrayna arasında gedən bu döyüşlərə Azərbaycan xalqının münasibəti çox mənfidir. Çünki bu dövlətlər uzunmüddət qardaş kimi bir yerdə yaşayıblar, bunlar eyni millətdilər. Bunlar arasında belə münaqişənin olması, qanın tökülməsi, elə gözəl şəhərlərin yerlə - yeksan olması, dağıdılması əlbəttə ki, bir bəşəri cinayətdir. İstər Rusiya, istərsə də Ukrayna tərəfindən belə halların baş verməsi heç cür məqbul deyil. Ona görə də, ilk gündən Azərbaycan dövləti, Azərbaycan prezidenti neytral mövqe tutub, müharibəni pisləyir və münasibətlərin yaxşılaşmasının tərəfdarıdır. Çünki 30 il Azərbaycan torpaqları işğal altında olub, Azərbaycan xalqı müharibənin ölümün, qanın, fəlakətlərin nə olduğunu yaxşı bilir. 30 il bizim başımız olmazın müsibətlərini çəkib. Xalqımız ağır təcavüzə məruz qalıb və bu milyonlarla insanın həyatını zəhərləyib”.
Millət vəkilinin sözlərinə görə, müharibə istər qalib, istərsə də məğlub ölkəyə heç bir xeyir vermir, fayda gətirmir: “Ona görə də, istərdim ki, hər iki dövlətin rəhbərləri oturub, dərindən fikirləşsinlər, sülhə, əmin-amanlığa gəlsinlər. Onlar ortaq məxrəc tapıb bu müharibəni dayandırsınlar. Əlbəttə ki, müharibədə strateji əhəmiyyətə malik olan obyektlər vurula bilər və ancaq yenə deyirəm Azərbaycan Konsulluğunun atəşə tutulmasını məqbul hesab etmirəm. Belə hesab edirəm ki, bu bir növ təxribatın nəticəsidir. Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq üçün edilən hərəkətlərdir”.
Aynurə Pənahqızı Demokrat.az


