Gündəm

Azərbaycan Liderinin məharətlə yürütdüyü siyasət ölkəmizi xarici təhlükələrdən və müdaxilələrdən qoruyur

Azərbaycan Liderinin məharətlə yürütdüyü siyasət ölkəmizi xarici təhlükələrdən və müdaxilələrdən qoruyur

Reallığı görməzdən gələn, təxribat və qızışıdırıcı mövqe sərgiləyənlərə qarşı cəmiyyətin cavabı sərt formada ortaya qoyulmalıdır.

Dünya kifayət qədər qarışıq və təlatümlü bir dönəmə qədəm qoyub. Sanki III Dünya müharibəsinin astanasındayıq. Rusiya və Ukrayna arasında baş verənlərin əvvəl gündən məcrası ayrı, miqyası böyükdür. Hazırda yaşananlar regional siyasi-hərbi toqquşmalardan daha çox bütün dünyanı əhatə edən siyasi gərginlik həddinə çatdığından, müharibənin adı qarşısına yeni dünya savaşı kəlməsi keçir. Üzləşdiyimiz mənzərə olduqca dəhşətlidir, bütün dünyanı necə bir sonuca aparıb çıxaracaq, düşünülməsi belə vahimdir!

Belə bir durumda Azərbaycanın mövqeyi daha qabarıq formada diqqəti cəlb edir. Prezident İlham Əliyev böyük ustalıqla öz ölkəsini çeşidli təzyiqlərdən, qlobal siyasi çəkişmələrdən qoruyur, milli maraqlardan bir addım olsun belə geri durmur, dövləti, xalqı salamat şəkildə gələcəyə daşımaq kimi çətin tarixi missiyanı həyata keçirir. Bu, hər Liderə nəsib olmur. Bu mənada İlham Əliyev güclü dövlət adamıdır. Bütün dünya üçün olduqca mürəkkəb bir dönəmdə o, müstəqil siyasət apararaq, dövlətin, xalqın maraqlarını müdafiə etməklə bərabər, ölkəsini sabit formada inkişaf etdirir. Onun məharətlə, qətiyyətlə həyata keçirdiyi siyasətin nəticəsidir ki, dövlətimiz xarici təhlükələrin və müdaxilələrin ünvanına çevrilmir.

Uzaq və yaxın tarix dəfələrlə sübut edib ki, ölkəyə milli maraqları qorumaq iqtidarında olmayan adam rəhbərlik edəndə, həmin məmləkət xaosa, fəlakətə sürüklənir. Bununla bağlı ayrı-ayrı ölkələrin timsalında kifayət qədər faktlar göstərmək mümkündür və belə dövlətlərin böyük qüvvələrin poliqonuna çevrildiyinin əyani şahidləriyik...

Azərbaycan dünyanın yaşadığı təlatümlü, çətin bir vəziyyətdə təhlükəsizlik adasını xatırladır. Azərbaycanın müəllifi olduğu, zamanında gerçəkləşdirdiyi qlobal iqtisadi layihələr, formalaşan yeni əməkdaşlıq formatları təkcə ölkəmizin iqtisadi inkişafına, qarşlıqlı səmərəli əməkdaşlığa deyil, təhlükəsizliyə də mühüm töhvələr verir. Müstəqil Azərbaycan xarici siyasətini elə müəyyənləşdirir ki, beynəlxalq aləmdə güclü mövqeyə malik, nüfuzu daha da möhkəmlənən ölkəmizi hansısa siyasi avantüralara qoşmaq mümkün olmasın.

Azərbaycan xalqı bu reallığı indi daha aydın görür və gözəl anlayır ki, məhz düşünülmüş, praqmatik, qlobal, geosiyasi reallıqlara əsaslanaraq yürüdülən ağıllı siyasətin sayəsində ölkəmiz ən mürəkkəb vəziyyətlərdən sığortalanıb. Bunu vətəndaş olaraq yaxşı dərk etmək yetərli deyil, biz bu qazancın qədrini də bilməliyik. Çünki reallığı görməzdən gələn, ölkə daxilində və xaricində fəaliyyət göstərən bədxahlar hər zaman zərbə fürsəti axtarır. Onların milli təfəkkürü zaman-zaman xarici fondlar tərəfindən zədələnib, onlara görə dövlətçilik ənənəsi tez-tez dağılıb yenidən qurulan ənənədir. Müxtəlif coğrafiyalarda dövlətləri bir neçə yerə parçalayan hiyləgər siyasətin aləti xalqın bir ovuc kəsimi olub ki, öz ölkələrinin təməlini qazımağa hazır olublar, öz ölkələrinə fəlakət saçmağa çalışıblar. Biz illərlə belələrinin üzərinə getməyi ona görə lazım bilmişik ki, ölkəmizin sabitliyi pozulmasın. Ölkəmiz yırtıcı siyasət yürüdənlərin çirkin planlarının güdazına getməsin.

Ukrayna-Rusiya hadisələrinin dramatizmi, yaratdığı acı tablo vadar edir ki, ölkəmizin içərisində və xaricdə dövlətin bünövrəsini zədələmək istəyənlərin cavabı bu gün daha qətiyyətlə verilsin.

Azərbaycanın 1990-cı illərin əvvəllərində yaşadığı acı təcrübə, siyasi reallıqlar unudulmayıb. Həmin hadisələr də isbat edib ki, dövlətin başında dövlətçilik təcrübəsini yaxşı bilən, bir sözlə, dövlətə bütün mənalarda yaraşan lider rəhbərlik etməlidir. Bu gün Prezident İlham Əliyev məhz belələrindəndir. Onun yeni dövrün çağırışlarına uyğun olaraq davam etdirdiyi siyasət Azərbaycanı tarixində heç vaxt çata bilmədiyi yerə qaldırıb, ölkəmizi təhlükələrdən qoruyub və qorumaqda davam edir.

İndi Azərbaycan dövləti o qədər güclüdür ki, onun gələcək üçün real proqnozları müəyyən edərək, milli maraqları əsas götürərək son hadisələrə təmkinli davranışını başqa istiqamətə yozmaq ancaq radikal müxalifətin, xaricdəki müəyyən dairələrin ağlına gələ bilər. Hakimiyyət və yetkin Azərbaycan cəmiyyəti keçmişi hamıya bəlli olan şəxslərin sözü ilə təxribata uyacaq səviyyədə deyil. İndiki mürəkkəb dövrdə özünün təhlükəsizliyini daha da etibarlı müstəvi üzərinə gətirən Azərbaycan Liderinin siyasi təhlilə, dövrün reallıqlarına əsaslanan mükəmməl xarici siyasət yürütdüyünü görməmək üçün ya dövlətinə qarşı xəyanətkar, ya da dar düşüncəli, siyasətdən kasad biri olmalısan...

Sosial şəbəkələrdə təxribat və qızışıdırıcı mövqe sərgiləyib Azərbaycan dövlətini ləkələyən, onu nüfuzdan salmaq məqsədi güdən belələrinə qarşı cəmiyyətin cavabı son dərəcə sərt formada ortaya qoyulmalıdır.

Elman Babayev Əməkdar jurnalist Demokrat.az

D
demokrat.az