“Son zamanlar beynəlxalq aləmdə baş verən proseslər Azərbaycan hakimiyyətinin yürütdüyü xarici siyasətin nə dərəcədə düzgün olduğunu bir daha isbat edir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Millət vəkili qeyd edib ki, bu gün ölkəmiz strateji əməkdaşlıq, müttəfiqlik əlaqələrini yüksək səviyyədə inkişaf etdirib:
“Məhz bu siyasətin hazırda ölkəmizi və xalqımızı baş verən təlatümlərdən sığortalayan başlıca faktor olduğuna heç bir şübhə yoxdur. Düşünülmüş və geosiyasi reallıqları nəzərə alaraq gerçəkləşdirilən siyasətin nəticəsidir ki, bu gün ölkəmiz bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub və bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağı bacarıb. Həyata keçirilən xarici siyasətin əsasını Azərbaycanın milli maraqları, beynəlxalq hüququn norma və prinsipləri təşkil edir ki, bu da öz müsbət nəticəsini göstərir. Azərbaycanın xarici siyasətində əsas regional əməkdaşlığa, təhlükəsizliyə və nəqliyyat-logistik infrastrukturun inkişafına üstünlük verilir. Bu da ölkəmizin bu gün qonşu dövlətlərlə strateji əməkdaşlıq, müttəfiqlik əlaqələrinin inkişafına şərait yaradıb. Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycanı regionun lider ölkəsinə çevirməklə yanaşı beynəlxalq aləmdə də mövqeyini möhkəmləndirib. Bununla da dövlətimizin təhlükəsizliyinə ciddi zəmanət yaranıb. Xüsusi vurğulanmalı məqam odur ki, Azərbaycan həm Türkiyə, həm də Rusiya ilə müttəfiqlik münasibətləri qurmaqla hazırki mürəkkəb dövrdə öz bitərəfliyini qorumağı bacarıb. Məncə, artıq hər kəs Azərbaycanın ən doğru seçim etdiyini, bu seçimlə hansı təhlükələrdən özünü qoruya bildiyini görmüş oldu. Nəticəsi müəyyənləşdirilməyən istəklə çıxış etməklə bəlkə əldə olunan da itirilə bilərdi”.
“Mən bir məqamı xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu gün bütün dünya, xüsusən Qərb Ukraynanı açıq şəkildə dəstəkləyir. Bu dəstəyin arxasında həm də Qərbin maraqlarının durması da sirr deyil. Azərbaycanın yanında isə 44 günlük müharibədə, haqq işimizdə yalnız Türkiyə var idi. Lakin baxanda gördüyümüz mənzərə ölən insanlar, dağıdılmış şəhərlər və viran olan ölkədir. Mən sözdə dəstəyin heç də Ukrayna dövlətinə, xalqına nəsə verəcəyinə inanmıram. Sərt saksiyaların davamlılığı da şübhə altındadır. Əgər dünya ölkələri hər hansı Avropa ölkəsindəki XXI əsrdə baş verən bu faciəni dayandırmırsa, bu artıq dəstək deyil. Burada əsas məqsəd Rusiya iqtisadiyyatına dəyən zərər deyil, insanların faciəsidir. İqtisadiyyat bərpa olacaq, hətta bu bəlkə də düşünüldüyündən də tez baş tuta bilər. Lakin məhv olmuş həyatlar və insan taleləri heç kimi düşündürmür. Azərbaycanın zamanında tərəfdaşı olduğu qlobal iqtisadi layihələr və bilavasitə ölkəmizin təşəbbüsü, yaxından iştirakı ilə formalaşan yeni əməkdaşlıq formatları regionın iqtisadi inkişafına, qarşılıqlı səmərəli əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Azərbaycan bir çox ölkələrin maraqlarının həmrəy olduğu layihələri reallaşdırması ilə dövlətimizin təhlükəsizliyini təmin etmiş oldu”- deyə millət vəkili əlavə edib.
Aynurə Pənahqızı Demokrat.az


