“Rusiyanın Ukraynaya təcavüzünü sərt şəkildə qınayıram. Çünki Rusiyanın bu hərəkəti Ermənistanın Azərbaycana təcavüzündən fərqli bir şey deyil”.
Bunu Demokrat.az-a açıqlamasında siyasi-şərhçi Azər Həsrət deyib.
Analitik qeyd edib ki, bu, işğalçılıq siyasətidir və başqa bir ölkənin suveren hüquqlarına təcavüzdür:
“Unutmayaq ki, Rusiya bu cür təcavüzü illərlə Azərbaycanın da başına gətirib. Xatırlatma üçün qeyd edim ki, 20 Yanvar, Xocalı soyqırımı hadisələrində Rusiya ermənilərlə birləşərək bu müsibətləri bizim başımıza gətirib, dinc insanlarımıza qarşı vəhşiliklər törədiblər. Buna görə də bu gün heç kim Rusiyanın bu davranışlarını normal qəbul edə bilməz və bunu dəstəkləyə bilməz. Yəni, Azərbaycan cəmiyyətinin böyük hissəsi Rusiyanı təcavüzkar kimi görür və təcavüzə məruz qalmış Ukraynanı dəstəkləyir. Əgər Azərbaycan cəmiyyətində kimsə həqiqətən də bütün bunları gözardı edərək, Rusiyaya dəstək verirsə, mən təəssüf edirəm. Sadəcə o adamları başa düşməkdə çox çətinlik çəkirəm. Ancaq sevindiricidir ki, cəmiyyətimizdə bu cür adamların sayı çox deyil”.
“Müşahidələrimə əsasən Orta Asiya, Güney Qafqaz, Baltikyanı ölkələr və s . bütün qonşu ölkələr Rusiyaya qarşıdır. Hətta, Belarus xalqı da Rusiyanın bu əməlini qınayır. Mənə elə gəlir ki, normal, ağılı başında olan dövlət bu faktoru nəzərə almalıdır və Ukraynaya təcavüzündən vaz keçməlidir. Əgər hansısa anlaşılmazlıq varsa, onları da masa arxasında həll etməlidir. 21-ci əsrdə sən ucdan tutma dinc insanları bombala, şəhərləri xarabazara çevir və iddia elə ki, mən maraqlarımı gözləyirəm. Elə şey olur? Ukraynada indiyədək apardığım müşahidələr göstərir ki, oranın əhalisi sakitdir və onların qeyri-adi, təcavüzkar xüsusiyyəti yoxdur. Belə bir ölkəyə, xalqa qarşı Rusiyanın davranışı əlbəttə ki, bizim ölkəmizdə təqdir edilə bilməz. Edənləri isə çox sərt şəkildə qınayıram”, - deyə analitik qeyd edib.
Aynurə Pənahqızı Demokrat.az


