Gündəm

Politoloq: “Rusiyanın istədiyini almadan geri çəkiləcəyini zənn etmirəm”

Politoloq: “Rusiyanın istədiyini almadan geri çəkiləcəyini zənn etmirəm”

“Rusiya-Ukrayna müharibəsinin başlamasından artıq bir müddət keçib. Lakin buna baxmayaraq, istənilən nəticə əldə edilməyib”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Elman Vəliyev deyib. Politoloq qeyd edib ki, Rusiya istəklərinə nail olmadan geri addım atan deyil:

“Rusiya sanksiyalar sahəsində təcrübəli bir dövlətdir. 2014-cü ildə Krımı işğal etdikdə indiki kimi olmasa da, bir xeyli sanksiyalara məruz qalmışdı. Rusiya tərəfi bilirdi ki, bu sanksiyalar yenə tətbiq olunacaq. 8 il zaman kəsiyində Rusiya boşluqları doldurdu, ağır sanksiyalara qarşı adekvat cavabların verilməsi yollarını axtardı.

Müharibəyə qədər ölkəyə xeyli dollar gətirildi. Hal-hazırda Rusiya Mərkəzi Bankının rezervləri 700 milyard dollara yaxındır. Bir xeyli miqdarda qızıl və xarici pulları var. Digər bir yandan Qərb sanksiya tətbiq etsə də, Çin, Pakistan, Türkiyə, İran, Mərkəzi Asiya dövlətləri, Qafqaz ölkələri, Latın Amerika ölkələri, Ərəb ölkələri, Orta Şərq ölkələri ilə münasibətlər nizamlıdır. Təbii ki, Rusiya hazırda Ukraynanı şərtlərini qəbul etməsi üçün təhrik edir. Lakin ABŞ-ın da ajiotajları dayanmır. Hesab edirəm ki, Rusiya özü bilərəkdən Ukraynanı blokada şəraitində saxlayıb və şərtlərini qəbul etdirmək istəyir. Rusiyanın istədiyini almadan geri çəkiləcəyini zənn etmirəm”.

Politoloq vurğulayıb ki, artıq Ukrayna da getdikcə dalana dirənir: “Bundan sonra onun müqavimət göstərəcəyini zənn etmirəm. Çünki ölkədə dağıntılar güclüdür. Bilirik ki, onlar arasında üçüncü görüş baş tutacaq. Çox güman ki, 3-cü görüş əvvəlkilərə nisbətən daha effektli keçəcək. Hər iki tərəf üçün ən optimal variant kompromisdir. Bu müharibə də isə qazanan tərəf ABŞ oldu”.

Aynurə Demokrat.az

D
demokrat.az