Gündəm

Ərəstun Oruclu: “Zaporojye AES-də baş verəcək qəza Çernobıl faciəsindən də böyük ola bilər”

Ərəstun Oruclu: “Zaporojye AES-də baş verəcək qəza Çernobıl faciəsindən də böyük ola bilər”

“Zaporojye Atom Elektrik Stansiyası Avropada ən böyük atom elektrik stansiyasıdır. Və orada baş verən qəza elə miqyas ortaya qoya bilər ki, Çernobıl faciəsi onun yanında çox kiçik bir hadisə kimi görünər”.

Bunu Demokrat.az-a açıqlamasında “Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib. Politoloq qeyd edib ki, Rusiya Ukraynada atom sənayesini nəzarətə götürmək istəyir: “Ukraynanın bir neçə atom elektrik stansiyası var. Bundan əvvəl Rusiya Çernobıl Atom Elektrik Stansiyasını nəzarətə götürdü və indi də Zaporojyeyə can atır. Rusiya çox güman ki, bununla Ukraynanın atom sənayesini nəzarətə götürmək niyyətindədir. Çünki bu, Ukrayna üçün əsas elektrik enerjisi mənbəyi deməkdir”.

Ekspertin sözlərinə görə, Rusiya ora raket atmaqla, yanğın törətməklə həm də dünyanı təhdid edir: “Göstərir ki, siz məndən nüvə silahı atmağı gözləyirsiniz, ancaq mən daha pis şey edə bilərəm. Əslində, atom elektrik stansiyasında qəza törətmək, atom bombası tətbiq etməkdən dəfələrlə təhlükəlidir. Çünki o daha böyük ərazini əhatə edə bilər. Çox güman ki, Rusiya o stansiyaları nəzarətə götürməklə, gələcəkdə Ukraynanın atom enerjisi infrastrukturunu nəzarəti əlində saxlamaq istəyir. Yəni müharibənin nəticələrinin necə olacağından asılı olmayaraq, Rusiya istəyir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) razılaşsın ki, Rusiya bunun təhlükəsizliyinə təminat verir, qoruyur, saxlayır. Bununla da, Rusiya bu infrastrukturu əlində saxlasın. Bundan sonra isə Ukrayna tam asılı vəziyyətə düşür. Həmçinin, Rusiya bunu etməklə, qətiyyət göstərmək istəyir ki, mən hər şeyə gedərəm. Çünki Rusiya biabırçı şəkildə məğlub olub. Baxmayaraq ki, müəyyən əraziləri işğal etməyə nail olub, baxmayaraq ki, bəzi şəhərləri həqiqətən dağıdıb, yer üzündən silib, bunun özü gələcəkdə bir hərbi tribuna predmetidir. Çünki bu cinayətlər mülki əhaliyə qarşı törədilib. Yəni, bir növ mübadilə üçün mövqelər əldə etmək istəyir ki, sabah o mövqelərdən çəkilməklə, ya onları əlində saxlamaqla, post-müharibədən sonrakı dövrdə bir manipulyasiya həyata keçirə bilsin. Rusiya öz maraqlarını təmin etmək, özünü qorumağa çalışır. Çünki bu boyda cinayəti Rusiyaya bağışlamayacaqlar”.

“Conson BMT-nin iclasını çağırdı və təzəcə BMT Baş Assambleyası Rusiya ilə bağlı qərar verib, onun işğalını pisləyib və Ukraynadan qoşunları çıxarılmağını tələb edib. Düşünürəm ki, indi Qərb ölkələri bu prosesə MAQATE-ni qoşacaqlar və çox güman ki, Rusiyaya tətbiq olunan sanksiyaların həcmi bir qədər də artacaq. Çünki Rusiya artıq faktiki olaraq dünyanı nüvə terroru ilə şantaj edir. Bunun da çox ağır bədəli ola bilər. Ümumiyyətlə, Rusiya Ukraynada istədiyinə nail ola biləcəkmi? Bu suala cavab vermək çətindir. Çünki biz bilmirik ki, Rusiya nə istəyir. Putin deyir ki, guya oradakı hakimiyyəti dəyişmək istəyir, məqsədi odur. İnanmıram ki, onun məqsədi təkcə budur. Amma bu gün bunun bir nəticəsi var. Birincisi, Rusiyanın nə qədər barbar dövlət olduğunu dünya gördü, bütün dünya ona qarşı birləşdi. İkinci nəticə odur ki, tətbiq olunan sanksiyalar Rusiyanı iqtisadi, texnoloji, bütün parametrlər üzrə azı 20 il geriyə atdı. Çünki bu sanksiyalar qısa müddətdə aradan qaldırılmayacaq. Üçüncü nəticə odur ki, Rusiya zəifliyini göstərdi. Rusiya ordusunun biabırçı şəkildə, olduqca köhnə, bir əsrin bundan qabağın qaydaları ilə müharibə aparması və müharibədə məğlub olması bağışlanmaz səhvdir. Rusiya artıq dünya ilə güclə danışa bilməz. Ona görə də, nüvə şantajına başlayıb. Çünki, o, ordusunun nə dərəcədə zəif, yararsız olduğunu göstərmiş oldu”.

Aynurə Demokrat.az

D
demokrat.az