Sosial

Salyanda gənc və veteran idmançılarla görüş keçirildi — FOTOLAR

Salyanda gənc və veteran idmançılarla görüş keçirildi — FOTOLAR

Bu gün Salyan rayon İcra Hakimiyyəti və Salyan rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Salyan rayon İcra Hakimiyyətinin konfrans zalında karantin rejimi qaydalarına riayət etməklə, ölkəmizdə elan edilmiş "İdman həftəsi" çərçivəsində “5 mart Bədən tərbiyəsi və İdman günü” münasibətilə gənc və veteran idmançılarla görüş və yüksək nailiyyətlər əldə etmiş bir sıra veteran və gənc idmançıların mükafatlandırılması mərasimi keçirilib.

Demokrat.az xəbər verir ki, pandemiya qaydalarına uyğun olaraq keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısı cənab Sevindik Hətəmov, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və rayonun idman ictimaiyyəti iştirak edib.

Tədbirdə İlk öncə respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Salyan Rayon İcra Hakimiyyəti başçısı cənab Sevindik Hətəmov tədbir iştirakçılarını “5 mart Bədən tərbiyəsi və İdman günü” münasibətilə təbrik etdi, dövlətin digər sahələrə olduğu kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə idmanın kütləviliyinin təmin olunması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə söhbət açdı.

Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov bildirdi ki, ölkəmizdə idman və bədən tərbiyəsinin tərəqqisi və Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atılan uğurlu addımlar bu gün özünü layiqincə doğrultmuşdur. Qeyd etdi ki, tariximizin parlaq səhifəsi olan 44 günlük vətən müharibəsində Azərbaycan idmançıları böyük şücayət və hünər göstərərək qəhrəmanlıq salnaməsi yazdılar.

Tədbirdə çıxış edən IV Dan Qara Kəmər sahibi, beynəlxalq dərəcəli hakim, karate idman növü üzrə məşqçi-müəllim Seymur Məmmədov bildirdi ki, Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Bu gün Azərbaycan idmançıları beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edir, bayrağımızı yüksəklərə qaldırırlar. Beynəlxalq yarışlarda idmançılarımızın qazandıqları saysız-hesabsız medallar bunun əyani təsdiqidir.

Sonra çıxış edən “Azərbaycan Respublikası Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”, Salyan şəhər 5 saylı ümuumi orta məktəbin bədən tərbiyə müəllimi Məhərrəm Abuşov bildirdi ki, Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər.

Tədbirdə çıxış edən Gənc güləşçi Qəhrəman Mehtiyev rayonda idmana və idmançılara göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirdi. Qeyd etdi ki, bu diqqət və qayğı daima biz idmançıları yeni-yeni möhtəşəm qələbələrə səsləyir. Daha sonra görüş qarşılıqlı-diskusiya şəklində davam etdirildi. İdmançıların qayğıları və problemləri müzakirə edilərək yerindəcə həll edildi.

Tədbirin sonunda bir sıra nailiyyətlər əldə etmiş 15 nəfər gənc və veteran idmançı Salyan Rayon İcra Hakimiyyəti başçısı cənab Sevindik Hətəmov tərəfindən qiymətli hədiyyələrlə təltif edildilər.

Rza Demokrat.az

D
demokrat.az