Xəbər verdiyimiz kimi, hakim “Mülki müqavilə” Partiyasının namizədi Vaaqn Xaçatryan Ermənistanın yeni prezidenti seçilib.
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov Demokrat.az-a açıqlamasında bildirib ki, Vaaqn Xaçatryan Ermənistanda uğursuz nazirlərdən biri olub:
“O, yüksək texnologiyalar naziri kimi fəaliyyətə başlamağından keçən müddət ərzində Ermənistan nə yüksək texnologiyalar, nə də hərbi sənayenin modernləşdirilməsi sahəsində heç bir yeniliyə imza atmayıb. Buna görə də, o, daim Ermənistandakı müxtəlif siyasi qruplar və media tərəfindən tənqid atəşinə tutulurdu. Nikol Paşinyan Vaaqn Xaçatryanı sırf ona olan sədaqətinə və eyni zamanda daim onu dəstəklədiyinə görə nazir postunda saxlayırdı. Qeyd edim ki, Armen Sarkisyanın istefasında sonra Xaçatryan Ermənistanın əsas prezident namizədlərindən biri idi. Düzdür, yüksək texnologiyalar naziri kimi özünü doğrultmayan uğursuz bir kadrın prezident seçilməsi xalq tərəfindən o qədər də yaxşı qarşılanmayacaq. Ancaq bütövlükdə o digərlərindən, xüsusən də Armen Sarkisyandan fərqli olaraq, bugünədək Azərbaycan əleyhinə kəskin və radikal fikirlər səsləndirməyib. Lakin bugünə qədər Ermənistandakı hakimiyyət və siyasi institutlar birbaşa xarici ölkələrə bağlı olduğundan, Xaçatrayının Ermənistanda prezident kürsüsünə əyləşdikdən sonra Azərbaycan və Türkiyə ilə münasibətlərlə bağlı hansı mövqedə duracağını indidən proqnozlaşdırmaq çətindir. Lakin istənilən halda Ermənistan parlament respublika olduğundan, prezidentin səlahiyyətləri məhduddur. Hətta, onun Azərbaycan əleyhinə hansısa fəaliyyəti belə, ciddi dəyişikliyə səbəb olmayacaq. Bu baxımdan Ermənistanla sülh müqaviləsində əsas Nikol Paşinyanın mövqeyidir. Çünki Ermənistan prezidenti baş nazirin birbaşa adamı olduğuna görə, Paşinyanın iradəsindən kənarda hansısa bir mövqe ortaya qoya bilməz”.
Nəzrin Demokrat.az


