Gündəm

Deputat: “BMT-dən sülh və təhlükəsizlik naminə real addım gözləməyə dəyməz”

Deputat: “BMT-dən sülh və təhlükəsizlik naminə real addım gözləməyə dəyməz”

“BMT Baş Assambleyasının fövqəladə xüsusi sessiyası zamanı “Ukraynaya qarşı təcavüz” adlı qətnamə qəbul edildi. Lakin ötən dövrün acı təcrübəsi göstərir ki, qətnamənin qəbulu yox, onun kimin əleyhinə və hansı məqsədlə qəbul edilməsi, kimlərin marağına yönəldilməsi daha önəmlidir. Əlbəttə, biz Rusiya və Ukrayna arasında sülh və sabitliyin ən qısa müddətdə bərqərar olmasını arzulayırıq. Ona görə də qətnamədə beynəlxalq ictimaiyyətin hərbi əməliyyatlardan, insan tələfatı və dağıntılardan ciddi narahatlığının əks olunmasını, atəşkəs, humanitar dəstəyə maneəsiz çıxış, dialoq, diplomatiyaya qayıdış kimi çağırışların yer tutmasını mütərəqqi hesab edirik”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat qeyd edib ki, həmin sənəddə əsas hədəf Rusiyadır: “Burada beynəlxalq hüququn aliliyinin təmin olunması sual doğurur. Çünki biz Azərbaycana münasibətdə tam 27 il ikili standartların şahidi olmuşuq. Hətta yaxın tərəfdaşlarımız olmasaydı, 44 günlük Vətən müharibəsində də az qala bizə qarşı qətnamə qəbul ediləcəkdi.Yəni, BMT vahid və ədalətli standartlarla irəliləmədiyi halda, çağırış və tələblərinin də çəkisi gözələnilən səviyyədə olmayacaq. Xatırlayırsınızsa, Prezident İlham Əliyev ötən ilin avqustunda BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edərkən də bu məsələni gündəmə gətirmişdi. Dövlət başçısı qeyd etmişdi ki, Təhlükəsizlik Şurasının 1993-cü ildə erməni təcavüzünə son qoyulması ilə bağlı qətnamələri ümidverici və mühüm siyasi jest olsa da, icra olunmadığı halda, sonralar qəbul olunmuş bəzi digər qətnamələr qısa müddət ərzində yerinə yetirildi. Prezident, həmçinin, 2017-ci ildə BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında, 2020-ci ildə 75-ci və 2021-ci ildə 76-cı sessiyasındakı çıxışlarında da ikili standartı Təhlükəsizlik Şurasının qətnamələrinin konkret icra mexanizminin olmaması ilə əlaqələndirərək bu problemin tezliklə həllinin vacibliyini vurğulamışdı. Bu mənada, BMT qətnamələrinin icrasının konkret mexanizmlərdən yox, ayrı-ayrı güclərin iradələrindən asılı olduğu müddətdə həmin təşkilatdan beynəlxalq sülh və təhlükəsizlik naminə real addım gözləməyə dəyməz”.

Demokrat.az

D
demokrat.az