Sumqayıt şəhərində 1980-ci il təvəllüdlü Famil şəxsi münasibətlər zəminində qeyri-rəsmi arvadı Hicrana (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Famil 12 noyabr 2021-cı ildə, daha sonra 21 noyabrda yaşadıqları evdə Hicranla mübahisə edib, sonra onu döyərək xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Familin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Famil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Hicran onun qeyri rəsmi həyat yoldaşıdır: “Hicranla 2004-cü ildə ailə həyatı qurmuşuq. Birgə nigahımızdan 2004-cü ildə qızımız oldu. Hicran əvvəl qardaşım Eldar ilə ailə həyatı qurubş Lakin Eldar vəfat etdikdən sonra Hicranla ailə həyatı qurdum”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, son vaxtlar borcu çox olduğu üçün spirtli içki qəbul edib və bu da sonunda ailədə münaqişəyə səbəb olub: “Noyabrın 12-də yaşadığımız evdə olan zaman yenidən Hicranla araməzda münaqişə yarandı. Münaqişə zamanı Hicranı döydüm. Buna baxmayaraq Hicran evdən getmədi. Biz eyni evdə yaşamağa davam etdik”.
Famil qeyd edib ki, noybarın 21-də yaşadıqları evdə olan zaman içkili olub və yenidən söz-söhbət yaranıb: “Hicran mənə dedi ki, Famil bəsdir, hər məsələ düzələcək, gəl mehriban olaq. Mən isə ona əhəmiyyət vermədim, onun sifət nahiyəsindən bir yumuruq zərbəsi vurdum. Sonra təpiklə Hicranın ayaq nahiyəsinə bir zərbə vurdum. Evi tərk etdim. Həmin vaxt qızım da münaqişəmizin şahid olub. Əməlimdən peşmanam. Hazırda Hicranla barışmışam”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Hicranın sözlərinə görə, əvvəl Familin qardaşı ilə ailə həyatı qurub: “Eldar vəfat etdikdən sonra onun qardaşı Famil ilə ailə həyatı qurdum. Evliliyimizin ilk vaxtlarında münasibətlərimiz normal olsa da, son 4 ildə Famil ailədə tez-tez münaqişələr yaratmağa başladı. Famil ən xırda şeyləri belə böyüdərək böyük problemə çevirdi. Əvvəllər də məni bir neçə dəfə döysə də, ondan şikayətçi olmamışam”.
Hicran deyib ki, sonuncu dəfə noyabrın 12-də yaşadıqları ebdə olan zaman yenidən onların arasında münaqişə yaranıb: “Münaqişə zamanı Famil məni döyərək müxtəlif bədən xəsarətləri yetirdi. Həmin vaxt qolum evdə olan taxta parçasına dəyərək kəsildi. Yenə də ailə olduğum üçün Famildən şikayətçi olmadım”.
Hicran qeyd edib ki, noyabrın 21-də yaşadıqları evdə olan zaman Famil yenidən söz-söhbət yaradıb: “Artıq onun hərəkətlərinə öz etirazımı bildirdim. Bu zaman Famil əl zərbələri ilə sağ göz nahiyəmə vurdu. Mən xəsarət aldım. Bundan sonra isə Famil evi yandıracağı ilə məni hədələdi. Mən də bundan sonra evi tərk etdim ki, birdən Famil evi yandırar. Həmin vaxt qızım evin həyətində olubn və bizim münaqişəmizin şahidi olub. Xəsarətləri ilə bağlı olaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına müraciət etdim. Sonra noyabrın 23-də ərizə ilə polis bölməsinə müraciət etdim”.
Zərərçəkmiş ifadəsinin sonunda qeyd edib ki, təqsirləndirilən şəxslə barışıb, ona qarşı şikayəti yoxdur.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.
Hakim hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb.
Bu səbəbdən Familin barəsində olan cinayət təqibinə xitam verilib.
Fariz Məlikli Demokrat.az


