“Bildiyimiz kimi, Ukraynada vəziyyət hazırda çox gərgindir və müdafiə məqsədilə bütün vətəndaşlara silah paylanılıb. Vəzifəli şəxslər, o cümlədən millət vəkilləri də Vətənin müdafiəsində yaxından iştirak edirlər. Belə düşünürəm ki, deputat da xalqın oğludur. Və xalqın oğlu istər deputat, istərsə də alim olsun, gedib müharibədə iştirak etməlidir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib. Deputat qeyd edib ki, ancaq belə bir şəraitdə xaos, özbaşınalıq yaratmaq düzgün deyil:
“Çünki dövlət və dövlətçilik, o cümlədən də qərarlar və qanunlar var. Düşünürəm ki, bütün məsələlər hamısı planlı şəkildə olmalıdır. Müharibə gedən ölkələrdə isə planın olması mütləqdir. Bu, bizim üçün artıq tarixdir. 44 günlük Vətən müharibəsində də bizim qəhrəman əsgər və zabitlərimiz döyüşdülər, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək zəfər çaldılar. Və bu işlər çox dəqiqliklə, zərgərliklə oldu. Yəni, bütün məsələlərin həllində dövlətin öz dəsti xətti var. Hamısı mərhələ-mərhələ, qanun çərçivəsində verilən qərarlarla olmalıdır. Heç bir ölkəyə müharibə arzu etmirəm. Ukraynada bir çox dostum var. Bu gün Ukraynada baş verən hər kəsi dərindən sarsıdır. Ancaq Ukrayna xalqı müharibədə birləşərək bir yumruq oldular və müharibədə aktiv iştirak edirlər. Bu xalqın azad, suveren yaşaması üçün böyük amildir və bu, bir meyardır”.
Aynurə Pənahqızı Demokrat.az


