“Rusiya və Ukrayna müharibəsinin ciddi mənada Azərbaycana iqtisadi təsiri ola bilər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Elçin Süleymanov deyib.
Ekspert qeyd edib ki, Rusiya və Ukrayna Azərbaycanın çox güclü iqtisadi əlaqələri olan ölkələrdəndir:
“Rusiya Azərbaycanın qeyri-neft ixracında ilk ölkədir, eyni zamanda Rusiyanın kənd təsərrüfatında əsas partnyoru Azərbaycandır. Bundan başqa, xüsusilə texnika, texnologiya, eyni zamanda tikinti-inşaat məhsullarında Rusiya Azərbaycanın əhəmiyyətli partnyorlarındandır. Təbii ki, rus rublunun dəyərsizləşməsi müəyyən mənada idxal üçün avantaj yaradacaq. Həmin məhsullar Azərbaycana daha ucuz girə bilər. Bu bəlkə başda Azərbaycanın xeyrinə kimi bir məsələ kimi görünə bilər, amma eyni zamanda kənd təsərrüfatı məhsullarının satışında tam tərsi effekti ola bilər. Çünki məhsullar artıq Rusiya bazarına daha bahalı təqdim olunur. Dolayısı ilə satış həcmi azala bilər. Bu, idxal baxımdan avantajdır, ixrac baxımından isə deavantaj ola bilər”.
Ekspert qeyd edib ki, təbii qazın Avropa bazarında qiymətinin artması, neft qiymətlərinin artması müəyyən mənada Azərbaycan üçün faydalı ola bilər: “Ukrayna ilə Azərbaycan arasında çox yaxşı müsbət əlaqələr var, Azərbaycanın haqlı davasını Ukrayna da hər zaman da dəstəkləyib. Rusiyanın isə iqtisadi olaraq daha çox Azərbaycanla yaxşı əməkdaşlığı var. Rusiya banklarının SWIFT-dən çıxarılması və müxtəlif embarqolar qoyulması da həmin şirkətlərin Azərbaycanla əməkdaşlığına müəyyən təsirlər edə bilər. Yəni, bu savaş hər iki ölkənin öz iqtisadi tərəfdaşlarına da mənfi təsir göstərəcək. Amma bu, Azərbaaycan üçün birbaşa çox ciddi iqtisadi mənada təhlükə törətməyə bilər. Ancaq dövlət alternativ bazarlar axtarmalıdır. Biz kənd təsərüfatı məhsullarını ixracını şaxələndirməliyik, sahibkarlar üçün dəstək mexanizmləri düşünülməlidir. Bizim kənd təsərrüfatı məhsulları ixracında hardasa 70-80 faiz bir ölkəyə bağlı olmağımız müəyyən mənada ölkəmiz üçün təhdiddir. Bu mənada düşünürəm ki, bu, bizim üçün dərs olmalıdır və şaxələnmək lazımdır. Azərbaycanın kənd təsərüüfatı məhsulları təbii orqanik və rəqiblərinə görə keyfiyyətlidir. Düşünürəm ki, bu məhsulları üçün uyğun bazarlar tapmaqla bu prosesdən qalib çıxa bilərik. Ümid edək ki, bu müharibə tez bir zamanda yekunlaşacaq. Azərbaycan və dövlət başçısı İlham Əliyev də bu sahədə uğurlu siyasət yürütməkdədir”.
Aynurə Pənahqızı Demokrat.az


