Müsahibə

Araz Əlizadə: “Ukrayna Luqanskı və Donetski bombalayıb rusları qırırdı, Rusiyanın başqa çarəsi yox idi”

Araz Əlizadə: “Ukrayna Luqanskı və Donetski bombalayıb rusları qırırdı, Rusiyanın başqa çarəsi yox idi”

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş deputat Araz Əlizadə Rusiya-Ukrayna arasında baş verən müharibə ilə bağlı Demokrat.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Araz müəllim, necə düşünürsünüz Rusiya bu addımı atmaqda haqlı idimi?

- Rusiyanın ayrı çıxış yolu yox idi. Çünki Ukrayna NATO-ya qəbul olunsaydı, orada amerikan raketləri Rusiyanı vuracaqdı. Tutaq ki, Xarkovdan Moskvaya beş dəqiqə uçuş məsafəsidir. Rusiya demək olar ki, tərkisilah olunacaqdı.

- Belə bir ehtimal nə dərəcədə real idi?

- Nəzərə alsaq ki, Ukraynada faşistlər hakimiyyətdədir və onlardan nə desən gözləmək olardı. Ona görə də, Rusiyanın ayrı çıxış yolu yox idi. Bundan başqa, Ukrayna Minsk danışıqlarını yerinə yetirmirdi. Öz ərazisi olan Donetski və Luqanskı daim bombardman edirdi. Nəticədə də orada insanlar qırılırdı, əsasən də ruslar.

- Bilirik ki, bu gün bütün Qərb dövlətləri Ukraynanın tərəfindədir...

- Gəlin sizə bir tarixi faktı qeyd edim. Adolf Hitler də hakimiyyətə seçki yolu ilə gəlmişdi. Bütün alman xalqı da onun ətrafında birləşmişdi və Qərb ölkələri də onu dəstəkləyirdilər. Onu sövq edirdilər ki, Sovet İttifaqına hücum etsin. Sonra hamı peşman oldu. Yəni, bu tarixdə bilinən şeydir. O zaman güclülərin tərəfində dururlar, güclüləri müdafiə edirlər və güclülər çalışırlar ki, bundan sui-istifadə etsinlər.

- Bəs, bu müharibə ABŞ-a nə üçün lazım idi?

- ABŞ-da iqtisadi zəifləmə idi. Qeyd edim ki, İkinci Dünya müharibəsindən sonra ABŞ dünyanın iqtisadi cəhətdən ən qüdrətli dövləti olmuşdu. İndi də Avropa qalxmışdı, Çin də qalxır. Beləliklə, ABŞ öz hegemonluğunu iqtisadiyyatda itirir. Ona görə də, ABŞ-a müharibə lazım idi. Bu müharibə də baş verdi.

- Niyə hədəf Çin yox, Rusiya ilə Ukrayna seçildi?

- Çünki Çin o qədər qüdrətlidir ki, ABŞ onunla müharibəyə hələ hazır deyil.

- Hazırda Rusiyanın əsas marağı nədir?

- Rusiya deyir ki, Ukraynanı işğal etməyəcək. Ukrayna Ukraynalığında qalacaq. Bircə hakimiyyət dəyişikliyi ola bilsin olsun. Onun əsas tələbə odur ki, Ukrayna bitərəf dövlət kimi qalsın.

- Ukraynada hakimiyyət dəyişikliyi gözlənilirmi?

- O xalqdan asılıdır.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az