Gündəm

"Sanksiya səbəbindən Rusiyanın daxilində ciddi problemlər yaranacaq"— ŞƏRH

Sanksiya səbəbindən Rusiyanın daxilində ciddi problemlər yaranacaq— ŞƏRH

“İstənilən sanksiya xüsusən tətbiq olunan tərəfə və eyni zamanda tətbiq edən tərəfə müəyyən dərəcədə mənfi təsir edir. Amma burada söhbət sanksiyaların əhatə dairəsindən, onun dərinliyindən, uzun müddətliyindən gedir. Bunlar olanda təsir daha ağır olur, xüsusən tətbiq olunan tərəf üçün”.

Bunu Demokrat.az-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı Rusiyaya tətbiq edilən sanksiyalar barədə fikirlərini şərh edərkən deyib.

Analitik qeyd edib ki, sanksiya açıqlılıq dərəcəsindən bağlı nəticə yaradır:

“Ola bilər ki, elə sanksiya olsun ki, həmin sanksiya tətbiq edənə daha çox təsir etsin, nəinki tətbiq olunana. Amma indiki halda söhbət gedir, ABŞ və İngiltərənin liderliyində Qərb blokunun Rusiyaya genişmiqyaslı və dərin sanksiyalar tətbiq etməsindən. Bunun nə qədər uzunmüddətli olacağını bilmirik. Amma hazırda genişmiqyaslı və dərin sanksiyalardan söhbət gedir. Bu, əlbəttə ki, Rusiya iqtisadiyyatı üçün çox ciddi sıxıntılar yaradacaq. Xüsusən nəzərə alsaq ki, Rusiya iqtisadiyyatı qapalı iqtisadiyyat deyil. Təbii ki, tam açıq iqtisadiyyat da deyil, amma İran, Şimali Koreya kimi də qapalı iqtisadiyyat da deyil. Bu mənada bunun Rusiya üçün çox ciddi nəticələri olacaq”.

Politoloq qeyd edib ki, sanksiya səbəbindən Rusiyanın daxilində ciddi problemlər yarana bilər:

“Əgər Rusiya uzunmüddətli olaraq qapalı dövlət modelinə keçməyi düşünmürsə, onun üçün bu vəziyyətdən çıxışı yolu bir qədər çətin olacaq. Xüsusən daxilində ciddi problemlərə səbəb ola bilər. Rusiya SSRİ modeli bir dövlətə keçməyi düşünmürsə, sanksiyaların onun üçün yaratdığı problemlər ciddi olacaq. Hətta, keçməyi belə düşünürsə, o zaman sanksiyalar fonunda keçid prosesi də ciddi dərəcədə riskli ola bilər"

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az