“Bu gün Zelenskinin siyasi bilik və bacarıqlarının hansı səviyyədə olduğunu, ümumiyyətlə prezidentlik keyfiyyətlərinin müzakirə etmək, fikrimcə düzgün deyil”.
Bunu Demokrat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
O, qeyd edib ki, zaman-zaman təkcə Zelenski haqqında yox, digər ölkələrin prezidentləri haqqında da fikirlərini bildirib: “Düzdür, bir ay bundan öncə Zelenski haqqında fikirləri bildirmişdim. Həmin vaxt Ukrayna ərazisində müharibə getmirdi. Zelenski də əlində silahla döyüşmürdü və elə bir ehtimal da yox idi. O zaman Zelenskinin siyasəti barədə fikirlərimi bildirmişdim və təəssüflər olsun ki, insanlar o zamankı sözlərimə indiki kimi reaksiya verməmişdilər və bir ay ərzində kimsə bu barədə etirazını bildirməmişdi. Mən Tramp haqqında da, Baydenin yaşı barədə də danışmışam. Amma hər halda hazırda Ukrayna xalqı və dövləti işğalçılara qarşı dirəniş göstərir və Zelenski də onların lideridir. Belə bir məqamda Zelenskinin müzakirəsini o qədər uğurlu hesab etmirəm. Çünki biz Ukrayna xalqının, dövlətinin yanındayıqsa, Ukraynanın məğlub və yerlə-yeksan olmasını istəmiriksə, o zaman indiki məqamda onların qarşısında dirəniş göstərən, bir xalqın liderliyini edən şəxs barədə neqativ fikirlərin deyilməsinin tərəfdarı deyiləm. Hər şey qaydasına düşdükdə və atəşkəs olduqdan sonra Zelenskinin və Ukrayna siyasi kursunun nə qədər doğru - yanlış olduğunu, bu vəziyyətə niyə gəldiyini, kimə daha çox inandığını və s. müzakirə etmək olar. Düşünürəm ki, indiki məqamda bunun müzakirəsi Azərbaycan və Ukrayna xalqına xeyir gətirməz, əksinə düşmənlərimizin əlini gücləndirir”.
Aynurə Pənahqızı Demokrat.az


