Sosial

“Adət-ənənələrimizi dövrün tələblərinə uyğunlaşdırmalıyıq” — Sosioloq

“Adət-ənənələrimizi dövrün tələblərinə uyğunlaşdırmalıyıq” — Sosioloq

Hər bir xalqın qarşısında əsrlər, minilliklər boyu formalaşmış yüksək milli-mənəvi dəyərləri, milli məfkurəni pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin inkişafına təsir göstərmək, onun genetik yaddaşını, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi mühüm missiya durur.

“Adət-ənənələrimizi dövrün tələblərinə uyğunlaşdırmalıyıq” — Sosioloq
Son illər qloballaşan dünyada, eləcə də ölkəmizdə milli adət-ənənələr, dəyərlər sıradan çıxmağa və yaxud formasını dəyişməyə başlayıb. Bəzən Avropa mədəniyyəti və dəyərlərinin ölkəmizdə də tətbiq edilməsini istəyənlər var. Bilirik ki, mənəvi dəyərlər, milli adət-ənənələr cəmiyyətdə zamanla formalaşır və sonradan ictimai mühitdə rol oynayır, insanların həyat tərzinə, onun formalaşmasına, milli şüurun əməl gəlməsinə mühüm təsir edir. Tarixdən tez-tez müşahidə etmişik ki, hansı cəmiyyət öz yaratdığı dəyərlərə, milli adət-ənənələrə üz çeviribsə, həmin cəmiyyət, xalq sıradan çıxıb, məhv olub. Bu baxımdan, hansısa xalqı, cəmiyyəti məhv etmək üçün onun milli dəyərlərini məhv etmək kifayətdir.Bəs, milli adət-ənənələrimizin, cəmiyyətimizin, milli birliyimizin qorunması üçün əhəmiyyətli olan mənəvi dəyərlərimizin yaşaması üçün nə etməliyik?

Suallımızı cavablandıran sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında bildirib ki, əslində milli dəyər heç vaxt köhnəlmir. Lakin onu həmişə öz zamanına uyğunlaşdırmağı bacarmalıyıq:

“Yəni, biz keçmiş adət-ənənələrimizi dövrün tələblərinə uyğunlaşdırmalıyıq. Tutaq ki, bu gün milli dəyərimiz olan geyimi geyinib, küçədə hər gün gəzə bilmərik, işə gedə bilmərik. Çünki bu dövrün tələbinə uyğun gəlmir. Ancaq bu, o demək deyil ki, biz milli dəyərlərimizi unutmuşuq. Bilirsiniz ki, tədbirlərimizdə, milli bayramlarımızda həmin geyimə müraciət edirik. Bu gün istənilən 5-6 yaşlı uşağa həmin geyimi göstərsək, əksəriyyəti cavab verəcək ki, milli geyimizdir. Çünki onlara bağçalarda, məktəblərdə olan tədbirlərdə həmin geyimi geyindirirlər və ona görə də, onlar artıq tanıyırlar o geyimi. Yəni, əslində unudulmur, dövrlə ayaqlaşmasa belə, həmin milli dəyərlər unudulmur. Ona görə də, milli dəyərlər heç vaxt köhnəlmir, yaddan çıxmır, unudulmur.

“Adət-ənənələrimizi dövrün tələblərinə uyğunlaşdırmalıyıq” — Sosioloq
Məsələn, qarşıda Novruz bayramı gəlir, çərşənbələrdə evlərə papaq atanlar, tonqal yandıranlar olacaq. Məncə, milli dəyərlərimiz ölkəmiz var olduqca, heç vaxt unudulmayacaq. Çünki milli dəyərləri birbaşa ölkə rəhbərliyi aşılayır. Ölkə rəhbərliyi bununla bağlı olduqca çoxsaylı tədbirlər planı həyata keçirir. O səbəbdən də onlar unudulmağa icazə vermədikcə, unudulmayacaq. Xalqın özünün yaddaşında, genində bu dəyərlərin yaşadılması kodlaşdırılıb. Mümkün deyil ki, unudulsun. Düzdür, bu gün bu cür şeyləri yeni nəsil biraz əyləncə kimi qəbul edir. Nəticədə onun mənasını öyrənir, bilir. Ona görə də, hesab edirəm ki, böyüklər adət-ənənələrimizi, milli dəyərlərimizigən nəslə aşıladıqca, unudulmayacaq. Böyüklər üzərinə yaxşı mənada bu sahədə üzərinə böyük məsuliyyət düşür. Hər kəs öz çevrəsində yeniyetmlələrə bunları aşılasa, hesab edirəm ki, çətin ki, unudula dəyərlərimiz.

Sosioloq Sahib Altay saytımıza bildirdi ki, milli-adət ənənələri, dəyərləri dəyişmək qeyri-mümkündür: “Təkcə bu dövrü üçün yox, bütün dövrlər üçün bu fikir keçərlidir: “Hər dövr özündən əvvəlki dövrün çağdaşıdır, müasirdir!” Bildiyimiz kimi, ənənələrimiz illərlə formalaşıb, yəni bu 4-5 günə formalaşdırmayıb, onlar on illiklərin, yüz illiklərin nəticəsində formalaşıblar. Buna görə də, ənənələri birbaşa qaldırmaq mümkün deyil, çünki dövrün tələblərinə görə onlar dəyişir. Biz həmişə qeyd edirik ki, insan təbiətdəki digər canlılarla müqayisədə bioloji olmaqla yanaşı, həm də sosial canlıdır. Çünki təkamül prosesi insanda həm bioloji, həm də sosioloji gedir.

“Adət-ənənələrimizi dövrün tələblərinə uyğunlaşdırmalıyıq” — Sosioloq
Hər dövr özündən əvvəlki dövrün müasiri olduğu üçün hər dövrdəki düşüncə tərzi də özündən əvvəlki düşüncə tərzinin çağdaşı olmalıdır. Təbii ki, insanların yaşayış tərzi də düşüncə tərzinə görə dəyişir. Məsələn, yüz ilin, min ilin düşüncə tərzi ilə indiki düşüncə tərzi eyni deyil, həyat tərzi də eyni deyil. Bir də iqtisadiyyat faktoru var ki, iqtisadi quruluşla sosial münasibətlər düz mütənasib olur. Ya iqtisadi quruluş sosial münasibətləri formalaşdırır, ya da əksinə. Mən hər baxımdan milliyin tərəfinəyəm, yəni inkişaf məsələsində belə təqlidçiliyin tərəfində deyiləm. Azərbaycanda xeyli bu məsələlər haqqında danışan adamlar var, hətta yüz il öncədən də danışanlar olub, ziyalılar, yazıçılar, şairlər olub. Biz indi götürək Avropanın paket halında təqlid eləyək, ancaq bu alınmaz. Çünki toplumların yaşayış tərzi onların sosiologiyasına və psixologiyasına uyğun olmalıdır. Əgər biz bu günləri dünyanın inkişaf tendensiyasına təşkil edən Avropanı olduğu kimi, tam-tamına götürsək, biz onu izləmiş sayılacağıq. Ümumiyyətlə, millilik qorunmalıdır. Çünki istər müasir dünya tendensiyasında, istərsə də əvvəlki dövrlərdə toplular öz millilikləri ilə özlərini sübut edirdilər. Yəni, sən bir elm adamı da yetişdirsən, o adamın xüsusiyyətlərinə görə, onu toplum olaraq dünyaya təqdim edirsən. Ona görə də, Dostoyevski deyirdi ki, əsərlər bəşəridir, müəlliflər millidir. Ancaq milliyin olduğu kimi, qalmasının tərəfində deyiləm. Bizim ənənələrimiz, mental dəyərlərimiz arasında kifayət qədər elementlər var ki, onların bizə heç bir aidiyyatı yoxdur. Yəni, onlar tarixən işğallar nəticəsində bizə aşılanıb, bizim milli ənənələrimiz kimi bizə sırınıb. Bizim heç psixologiyamıza uyğun olmayıb. Bu baxımdna da mən hər zaman reformun olmasının tərəfindəyəm. Ancaq ənənələr birdən-birə yaradılmadığı kimi, onların sıradan çıxması yaxud yenilənməsi birdən-birə olmur. O, uzun maarifçilik prosesinin, təhsildəki sosial layihələrin nəticəsində və iqtisadiyyat faktorunun nəticəsində formalaşır. Mən tamamilə ənənələrin aradan qalxmasının yox, onların modernləşməsinin tərəfindəyəm. Məsələn, bugünkü dünya tendensiyasına, yaşayış və dünya tərzinə uyğun olaraq mən Avropanı təqlid edək demirəm, amma ona uyğun özümüz üzərində yeni dəyərlər formalaşdırmalıyıq. Müasir dövrün tələbləri ilə heç uzlaşmayan ənənələr sıradan çıxmalıdır və toplum buna da hazır olmalı, razılıq verməlidir. Amma hər dəyər də öz yerinə yeni bir dəyər tələb edir. Belə deyim: qismən uzlaşanları modernləşdirmək, heç uzlaşmayanları aradan çıxarıb onu yerinə yeni bir dəyər qoymaq lazımdır”.

Aynurə Pənahqızı Demokrat.az

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

D
demokrat.az