Dünən səhər Rusiya ilə Ukrayna arasında baş verən “müharibənin” xəbərləri ilə oyandıq. Artıq iki gündür ki, qızğın müharibə gedir.
Bu gün hər kəsi bir sual maraqlandırır. Rusiya nə qədər irəli gedəcək və Putin nə vaxt geri addım atacaq? Bu müharibə dünyada hansı qlobal problemlərə səbəb olacaq? Təbii ki, proqnozları dilə gətirmək çox çətindir. Amma hər kəs bilir ki, bu müharibə bütün dünya ölkələrinə təsirsiz ötüşməyəcək. Bu müharibənin son vaxtlar Rusiya ilə münasibətləri yüksək səviyyədə quran Azərbaycana və Türkiyəyə də mənfi təsir edəcəyi bəllidir. Xüsusən proses Türkiyəyə daha çox təsir edəcək. Həm Qara dəniz baxımından, həm də iqtisadi əlaqələr baxımından. Əslində, Putinin nə vaxt geri addım atacağına baxarkən, Suriya və İraqdakı proseslərə diqqət etmək lazımdır. Bilirik ki, istənilsə idi, müəyyən müddət ərzində Suriya və İraqda sabitlik əldə oluna bilərdi. Amma orada həm ABŞ, həm də Rusiya müəyyən qrupları dəstəkləyirdi və bu səbəbdən də bölgədəki hərbi qüvvələri çıxılmaz vəziyyətdə saxlayırdılar. Bilirik ki, Rusiya Suriyada zaman-zaman bombardmanlarını davam etdirirdi və rejimə dəstək verirdi. Ukraynadakı hadisələr də Rusiya, ABŞ və Qərb ölkələri arasındakı münaqişə ilə başladı: “Siz NATO-nun silahlarını bizə yaxın yerləşdirə bilməzsiniz!” ifadəsiylə...
Müəyyən vaxtlarda ABŞ və Aİ ölkələri Rusiyaya müxtəlif təhdidlər etsələr də, danışıqlar aparsalar da bu heç bir müsbət nəticə vermədi. Hətta, Putin-Bayden görüşü də Rusiyanın Ukraynaya girişini dayandırmadı. İndi bütün gözlər Putinin üzərindədir. Təbii ki, o, ancaq başındakı plana uyğun hərəkət edəcək və nə edəcəyini də heç kim bilmir. Yalnız onu bilirik ki, illər əvvəl ilk plan Krım idi və alındı. İndi bəlkə də Ukraynanı ya dənizsiz tərk edəcək, bəlkə də bir çox şəhərlərinə girəcək. Bunu yaxın günlərdə görəcəyik. Putin Ukraynada da təbii ki, ona yaxın hökumətin olmasını istəyir. Bunu da unutmaq olmaz. Amma Ukraynanı gündəmə gətirən ABŞ və Aİ ölkələri sanki yalnız embarqo və hədələrlə irəliləyirlər.
Bəs proseslər Türkiyəyə necə təsir edir?
Bilirik ki, Türkiyə hər iki ölkə ilə yaxşı münasibətlər saxlamaq istəyir. Türkiyə əvvəldən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirdi. ABŞ və Rusiya üzündən Türkiyə illərdir ki, Suriya və İraqla problem yaşayır. İndi də şimalındakı Qara dəniz problemi Türkiyənin təhlükəsizliyi və sülhü üçün mənfi ola bilər. Rusiya və Ukrayna ilə iqtisadi əlaqələr, xüsusən də turizm var. Bu qarşıdurmaların uzanması Türkiyə üçün mənfilik yaradır. Bundan əlavə, Ukrayna ilə bir çox ortaq müdafiə sənayesi layihələri, xüsusən də təyyarə mühərrikləri həyata keçiriləcək. Türkiyə bu prosesdə yenidən vasitəçilik edərək bölgənin sülhünü atəşkəslə təmin etməyə çalışacaq. Amma, bu proses də bir az çətin görünür.
Putin hara qədər gedəcək, harda dayanacaq?
Moskvanın Ukraynaya müdaxiləsinin hara aparacağı isə başqa müzakirə mövzusudur. Ən maraqlısı isə Rusiya prezidenti Vladimir Putinin hara gedəcəyi, harada dayanacağıdır... Hərbi ekspertlər üç variantı nəzərdən keçirirlər:
Ən məsum plan: Ordularına hərəkətə keçmə əmri verərək danışıqlar masasını alt-üst edən Putin, şərtlər onun xeyrinə dəyişdikdə diplomatiyaya qayıda bilər. Bu plana görə, dünən Ukrayna boyu hərbi hədəfləri vuran və şimaldan Kiyevə qədər uzanan Putin Donbasdakı separatçılar 2014-cü il sərhədlərinə çatdıqda diplomatiya kanalını açacaq.
İkinci plan: Ukraynanın Qara dənizə çıxışını tam kəsən Putin “Rus dünyası” ilə bağlı planını sona qədər həyata keçirə bilər. Buna uyğun olaraq Donbas bölgəsindən başlayaraq, cənubda Dnepropetrovsk, Zaparojye, Nikoyaev və Odessa bölgələri işğal ediləcək, Moldovadakı rus separatçıları isə Dnestryanı bölgəyə doğru irəliləyəcək. Şimalda Xarkov və Suma şəhərləri tutulacaq. Bu plan həyata keçərsə, Ukraynanın Qara dənizə çıxışı tamamilə kəsiləcək.
Ən pis plan: Bütün Ukraynanı işğal edəcək və Putin Ukraynanı tamamilə ilhaq edəcək. Ekspertlər hesab edir ki, Donbasdan başlayan quru əməliyyatı 3 qoldan sıxacı daraldaraq, təxminən 10 gün davam edəcək. Çox güman ki, martın ilk həftəsində hələ rus qoşunları Kiyevə girməzdən əvvəl Zelenski administrasiyasından ümidini kəsən Ukrayna elitası tərəflərini dəyişəcək və Rusiya ilə razılaşmaya üstünlük verəcək. Kiyevdə çevrilişlə istefaya göndəriləcək hazırkı administrasiyanın yerinə Moskvanın rəhbərlik etdiyi kukla hökumət gətiriləcək. Təbii ki, belə olan halda isə uzunmüddətli vətəndaş müharibəsi təhlükəsi var. Putin əslində nə istəyir?
Putin Qərbin bütün sanksiya hədələrinə baxmayaraq, Ukraynaya müharibə elan etdi. Bəs Moskvanın rəhbəri əslində nə istəyir? Rusiyadakı siyasi müşahidəçilərin fikrincə, Putinin istədiyi ötən bazar ertəsi Donbasın müstəqilliyini tanıyan çıxışında gizlidir. Buna uyğun olaraq, Putinin üç əsas məqsədi var. Ən birincisi, Minski bitirmək. Bununla da, 8 il ərzində Rusiyanın daxil olduğu Minsk razılaşmalarına son qoymaqla, Donbas böhranını Moskvanın xeyrinə həll etməkdir. İkinci məqsəd lazım gələrsə, dünya müharibəsi riskinə girərək, heç bir şəraitdə Ukraynanı Qərbə verməmək fikrində olmadığını sübut etməkdir. Bu ölkəni öz həyətyanı sahə kimi orbitdə saxlamaq istəyir. Putinin üçüncü mühüm məqsədi NATO İttifaqına, xüsusən də ABŞ-a qarşı qisas almaqdır. Analitiklərin fikrincə, Putin güc yolu ilə sübut etməyə çalışır ki, Ukrayna heç vaxt NATO-nun üzvü olmayacaq və bu ölkədə NATO infrastrukturunun yerləşdirilməsinə imkan verməyəcək.
Nəzrin Hüseynli Demokrat.az


