Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanması Ermənistan üçün böyük zərbədir. Ermənilər Rusiya-Azərbaycan əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldıran və iki ölkənin münasibətlərinə müttəfiqlik mərhələsi qazandıran belə bir sənədin imzalanmasını həzm edə bilmirlər.
Məhz Bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın peyda olması da təsadüfi deyildi. Məlumdur ki, Rusiyada güclü erməni lobbisi mövcuddur və ermənilər bu ölkənin aparıcı KİV-də, dövlət qurumlarında, o cümlədən xarici siyasət idarəsində kök salıblar. Azərbaycan-Rusiya arasında münasibətlərin ən ali səviyyəyə yüksəlməsini nəzərdə tutan sənədin imzalanmasının yaratdığı narahatçılıq Rusiya XİN-də oturuşmuş ermənilərə və ermənipərəst şəxslərə də təsirsiz ötüşməyib. Və Rusiya-Azərbaycan əlaqələrinə zərbə vurmaq, Prezident İlham Əlyevin Rusiyaya uğurlu səfərinə, ölkələr arasında imzalanmış müttəfilqik sənədinə kölgə salmaq üçün tarixi təhrif edən açıqlama yaymaq yoluna baş vurublar.
Bu açıqlama həm də qərəzdən, Azərbaycan-Rusiya əlaqələrinin inkişafının yaratdığı çıxılmaz durumdan, acizlikdən doğub. Rusiya XİN-də oturan ermənilər və ermənipərəstlər də bilməmiş olmazlar ki, Türkmənçay müqaviləsində, ümumiyyətlə “Şərqi Ermənistan” sözü yoxdur. Kim də biməsə bunu Rusiya XİN-in Tarixi sənədlər departamenti dəqiq bilir. Onu da dəqiq bilir ki, tarixdə, ümumiyyətlə Ermənistan adlı dövlət olmayıb və olmayan dövlətin şərqindən, qərbindən danışmaq absurddur, tarixi bilə-bilə təhrif etməkdir. Ermənistan XX əsrin əvvəllərində məhz tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bu danılmaz tarixi faktı görmək üçün heç də uzağa getmək lazım deyil. Bunun üçün Rusiya XİN XX əsrin əvvəllərində elə çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə nəzər salsa yetər. Məhz bu xəritələrdə Ermənistanın bütün ərazisindəki toponimlərin əksəriyyəti Azərbaycan mənşəlidir. Qərəzi, ermənipərəstliyi bir kənara buraxıb tarixi faktlara istinad etsələr görərlər ki, indiki Ermənistan keçmiş İrəvan xanlığının ərazisində digər xarici ölkələrdən əsasən köçüb gəlmə ermənilər sayəsində yaradılıb.
Kürəkçay, Gülüstan və Türkmənçay kimi müqavilələr ona xidmət edib ki, ermənilərin Azərbaycan ərazilərinə kütləvi şəkildə köçürülməsi həyata keçirilsin və belə də olub. Bu müqavilələr, eyni zamanda Rusiyanın Cənubi Qafqazda mövcudluğunu, onun hərbi-siyasi qələbəsini rəsmiləşdirib.
Rusiya XİN-dəki erməni təəsübkeşlərinin əsas hədəfi tarixin olmayan səhifələri içində eşələnməklə Bakı ilə Moskvanın əlaqələrini pisləşdirmək, qarışıqlıq yaratmaqdır. Amma Rusiya XİN-dəki ermənipərəstlərin bu cəhdləri “arxadan atılan daş”, yaxud da “suda batanın saman çöpündən yapışması”ndan o yana getməyəcək. Artıq iki ölkə arasında Bəyannamə imzalanıb və prezidentlər İlham Əliyev, Vldaimir Putin gələcəkdə daha sıx əməkdaşlığı nəzərdə tutan istiqamətləri bəyan ediblər. Bəyannamənin ilk bəndində “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək, güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar” -, deyə vurğulanıb. Müstəqilliyini bərpa etmiş Azərbaycan 30 il sonra Rusiya ilə müttəfiqlik münasibətləri qurub, iki ölkə arasında bərabərhüquqluq və paritetlik prinsipini ən yüksək səviyyəyə çatdırıb. Ortada güclü siyasi əlaqələr, iqtisadi müqavilələr, elmi əməkdaşlıq mövcuddur və əməkdaşlıq müttəfiqlik sənədi ilə daha da gücləndirilib. Bu gerçəkliyi tarixi təhrif etməklə aparılan qərəzli təbliğat dəyişə bilməz.
Rusiya XİN-in Tarixi sənədlər departamentinin erməni təbliğatının ruporu qismində çıxış etməsi elə bu ölkə üçün də xoş olmayan mənzərədir. Tarixi proseslərin, gizli olmayan Kürəkçay, Türkmənçay və Gülüstan kimi müqavilələrin təhrifi və ermənilərin maraqlarına uyğun yozulması Rusiya XİN üçün utancverici, başucalığı gətirməyən addımdır.
Əməkdar jurnalist Elman Babayev


