Gündəm

Fikrət Sadıqov: “Rusiya-Ukrayna müharibəsinin genişmiqyaslı xarakter alması istisna deyil”

Fikrət Sadıqov: “Rusiya-Ukrayna müharibəsinin genişmiqyaslı xarakter alması istisna deyil”

“Əslində, proqnozlar verilmişdi və Rusiya-Ukrayna arasında müharibə gözlənilən idi. Çünki bir sıra Qərb siyasətçiləri öz çıxışlarında qeyd etmişdilər ki, Rusiya müharibəyə hazırlaşır, bir sıra obyektlər vurulmalıdır və s. İndi artıq müharibə başlanıldı. Təbii ki, hər tərəf öz maraqları çərçivəsində bəyanatlarla çıxış edir. Amma burada görünən odur ki, tək separatçıları müdafiə etmirlər, artıq müharibə daha genişmiqyaslı xarakter almağa başlayır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib. Politoloq müharibənin uzanacağını da istisna etmir:

“Artıq Ukraynanın bir sıra şəhərlərindəki hərbi strukturlarına raketlər endirilir. Təbii ki, bunun gedişatı, miqyası, vaxtın uzadılması və yaxud qısa müddətdə baş verməsi bir sıra dövlətlərin iştirakından asılı olacaq. Əgər NATO dövlətlərinin üzvləri bura qoşulsalar və onlar da müharibədə iştirak etməyə qərar versələr, əlbəttə ki, bu müharbə uzana bilər. Burada kimin qalib gələcəyini, kimin məğlub olacağını demək mümkün deyil. Hər halda bunun genişmiqyaslı xarakter alması da istisna deyil. Ona görə də, hələ baxmalıyıq ki, NATO yığışıb nə qərarlar çıxaracaq. Bir sıra dövlətlər də öz sözlərini deməlidir, mövqelərini bildirməlidir. Bundan sonra artıq bu tam mənada bilinməlidir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az