Gündəm

Deputat: “Ukrayna Luqansk və Donetskin itirilməsi ilə heç vaxt razılaşmayacaq”

Deputat: “Ukrayna Luqansk və Donetskin itirilməsi ilə heç vaxt razılaşmayacaq”

“Luqansk və Donetsk respublikalarının müstəqilliyinin Rusiya tərəfindən tanınması gözlənilən idi. Çünki bu məsələ bir neçə gün əvvəl Rusiya Dövlət Dumasında da müzakirə olunaraq, prezidentə müraciət ünvanlanmışdı. Sadəcə olaraq, Ukrayna ilə Rusiya arasında cərəyan edən hadisələrin gərginləşməsi bu məsələni sürətləndirmiş oldu”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat Rusiya təcrübəsində belə halların əvvəllər də olduğunu vurğulayıb:

“Xatırlayırsınızsa, 26 avqust 2008-ci ildə də Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması ilə bağlı fərman verilmişdi. Ondan sonra bu ərazidə hərbi əməliyyatların keçirilməsi dayanmışdı. Rusiya prezidenti xalqa müraciətində Luqansk və Donetsk respublikaların tanınması ilə bağlı qərarını açıqladı və bu qanun layihəsinin ratifikasiya edilməsi üçün Dövlət Dumasına göndərildiyini qeyd etdi. Qərarın verilməsində məqsəd mövcud gərginliyin aradan qaldırmağın yeganə yolu kimi qiymətləndirilib. Düşünürəm ki, indi Luqansk və Donetsk respublikaların müstəqilliklərini tanımaqla Rusiya bu ərazilərdə öz qoşunlarını rəsmi şəkildə yerləşdirə biləcək və bu yolla öz sərhədlərinə yaxın NATO qoşunlarının yerləşməsinin qarşısını almağa çalışacaq”.

Millət vəkilinin sözlərinə görə, Rusiya tərəfindən separatçı dövlətlərin müstəqilliklərinin tanınması Ukrayna arasında münasibətlərini daha da gərginləşdirəcək: “Ukrayna Luqansk və Donetskin itirilməsi ilə heç vaxt razılaşmayacaq. İki ölkə arasında gərginliyin daha da artacağını hesab edirəm. Amma düşünürəm ki, geniş hərbi əməliyyatlar baş verməyəcək. Sadəcə olaraq, Rusiya-Ukrayna münaqişəsi bundan sonra həll olunmamış münaqişə kimi uzun müddətdə tarixdə qalacaq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az