“Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra yeni reallıqlar yaratdı. Bu reallıqlar təkcə ölkəmiz üçün deyil, bölgə üçün də yeni geosiyasi reallıqlardır”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Deputat qeyd edib ki, Azərbaycanla Rusiya arasında imzalanacaq sənəd ilk növbədə ölkəmizin tarixi qələbəsinin möhkəmləndirməklə yanaşı, eyni zamanda Ermənistana da çox böyük zərbədir:
“Belə bir mühüm sənədin imzalanması Azərbaycanla Rusiya arasında münasibətləri daha ön səviyyəyə keçirəcək və Azərbaycanın tarixi qələbəsini daha da möhkəmləndirəcək. Qeyd edim ki, artıq dünəndən Cənab Prezident İlham Əliyevin Rusiyaya səfəri başlayıb. Unutmayaq ki, son dövrlər Azərbaycanla Rusiya arasında münasibətlər yeni bir mərhələyə qədəm qoymuşdur. Hələ 2021-ci ilin sonunda Azərbaycan prezidenti məhz Rusiya ilə münasibətlərin yeni bir mərhələyə keçdiyini qeyd etmişdir. Azərbaycan xalqına müraciəti zamanı da bu məsələnin anonsu vermişdi. Əlbəttə ki, bu sənədin hazırlanması uzunmüddətli vaxt tələb edən bir məsələdir. Biz bildiyimiz kimi, ötən il iyunun 15-də qardaş Türkiyə ilə mütəffiqlik haqqında Şuşa bəyannaməsi imzalanmışdır. İndi isə təxminən buna bənzər bir sənəd Azərbaycanın strateji tərəfdaşı olan Rusiya ilə imzalanması gözləniləndir. Yekun olaraq qeyd etmək olar ki, Cənab İlham Əliyevin Moskva səfəri birmənalı olaraq, məhz Azərbaycanın növbəti diplomatik bir uğurudur”.
Aynurə Pənahqızı Demokrat.az


