Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Qarşılıqlı müttəfiqlik haqqında bəyannamə imzalayacaqlar. Bu barədə Kreml məlumat yayıb. Bildirilib ki, imzalanma Azərbaycan Prezidentinin Rusiyanın paytaxtı Moskva şəhərinə rəsmi səfəri çərçivəsində baş tutacaq.
Azərbaycan və Rusiya arasında müttəfiqlik haqqında bəyannamənin əhəmiyyətindən danışan Milli Məclisin deputatı Arzu Nağıyev Demokrat.az-a açıqlamasında bildirib ki, bu sənəd ikitərəfli qonşuluq əlaqələrimizin daha da inkişafı, prespektivi üçün mühüm əhəmiyyət kəsb edən sənəd ola bilər. Deputatın sözlərinə görə, ümumi baxışda hiss olunur ki, əsas məsələ təhlükəsizliyin qarşısının alınmasında birgə fəaliyyətdir:
“Təbii ki, sənədin maddələri bəlli olduqdan sonra ona uyğun olaraq daha ciddi şərhlər verilə bilər. Lakin ümumi baxışda hiss olunur ki, əsas məsələ təhlükəsizliyin qarşısının alınmasında birgə fəaliyyətdir. Eyni zamanda hesab edirəm ki, görüşdə iqtisadi məsələlərin, qonşuluq siyasətində miqrasiya məsələlərin həlli və s. bu istiqamətdə bir sıra ciddi addımlar atıla bilər. Bu, rəsmi səfərdir və rəsmi səfərdə də hər iki dövləti maraqlandıran xarici və daxili siyasətin bütün aspektləri müzakirə obyekti ola bilər və sonda mühüm sənəd qəbul edilə bilər”.
Aynurə Pənahqızı Demokrat.az


