Kriminal

Sumqayıtda kafedə yaşlı kişilər arasında dava — Təfərrüat

Sumqayıtda kafedə yaşlı kişilər arasında dava — Təfərrüat

Sumqayıt şəhərində 1964-cü il təvəllüdlü Sərdar şəxsi münasibətlər zəminində tanışı Dadaşa xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il martın 8-də baş verib. Sərdar Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən “Nanə” kafesində tanışı Dadaşla pul borcu üstündə mübahisələri olub. Mübahisə zamanı Sərdar Dadaşın üz nahiyəsinə yumruqla qəsdən bir dəfə zərbə vurub.

İstintaq orqanı tərəfindən Sərdarın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində ailəsi ilə birlikdə yaşayır: “Dadaşı Sumqayıt şəhərindən tanıyıram. Onunla heç bir ədavətim və düşmənçiliyim olmayıb. Martın 1-də Dadaşdan 1500 ABŞ dolları borc aldım. Dadaşa pulu qısa müddət ərzində qaytaracağımı söyləsəm də, maddi durumum pis olduğundan onu gec qaytardım. Bundan sonra martın 8-də, saat 18 radələrində evdə olan zaman Dadaş mənə zəng etdi, Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən “Nanə” kafesinə çağırdığından ora getdim. Dadaşın kafedə oturduğunu gördüm və məndə orada oturdum. Bir müddət söhbət etdikdən sonra Dadaş yenə pul söhbətini eləməyə başladı. Yenə nə səbəbə onun pulunu yenə gec verdiyimi soruşdu. Dadaşa bu söhbəti bağlamasını söylədim”.

Təqsirləndirilən şəxs deyib ki, həmin vaxtı Dadaş ona “qoduq” deyə müraciət edib: “Bunu eşidən zaman ayağa qalxdım, Dadaşdan nə dediyini təkrar soruşdüm. Dadaş yenə həmin “qoduq” sözünü təkrar etdi. Bu zaman əsəbləşdim, Dadaşın çənə nahiyyəsinə 1 dəfə yumruqla zərbə endirdim. Onun boğaz nahiyyəsindən tutaraq silkələdim. Həmin vaxt bizimlə birgə stulda oturan Azər araya girdi, məni kənara çəkdi. Dadaş da oradan getdi”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Dadaşın sözlərinə görə, 1955-ci il tarixdə Qubadlı rayonu, Saldaş kəndində anadan olub: “Hazırda Abşeron rayonu, Saray qəsəbəsində ailəm ilə birlikdə yaşayıram, işsizəm. Sərdarı 2 ilə yaxındır ki, tanıyıram. Onunla ara sıra dostluq əlaqələrimiz olub. Onunla birgə bir neçə dəfə söhbətləşmişik. Sərdar məndən 1 dəfə də borc pul istədiyindən ona borca pul verdim. Həmin pulu Sərdar sonra qaytardı”.

Zərərçəkmiş qeyd edib ki, martın 8-də, saat 23 radələrində Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində yerləşən “Nane” kafesində öz tanışı Azərlə söhbət edən zaman Sərdar ora gəlib: “Sərdar heç bir icazə almadan qəfildən bizim masada əyləşdi. Sərdarla bir müddət ordan burdan danışdıq. Sərdar qəfildən mənə xoş olmayan sözlər işlətdi. Həmin sözü xətrimə dəydiyinə görə Sərdarı təhqir etdim, masadan durmasını söylədim. Həmin vaxtı masadan duran Sərdar qəfildən burun nahiyyəmə 1 dəfə yumruqla zərbə endirdi. Həmin zərbənin təsirindən burnumdan qan açıldı. Sonra biz aralandıq”.

Dadaş qeyd edib ki, hadisə zamanı kafenin içərsində videogörüntü olub: “Orada Azər olub-keçəni gözləri ilə gördü. Hadisə təxminən 1-2 dəqiqə davam etdi. Ətrafa çayxanada əyləşən şəxslərdən başqa heç kəs toplaşmayıb. Sərdarın məndən üzr istəyəcəyini düşündüm, ilk növbədə ondan şikayət etməsəm də, sonradan Sərdarın üzr istəmədiyini gördüm. Bundan sonra hadisə barədə polisə məlumat verdim”.

Dadaş ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını deyib.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.

Sərdarın barəsində Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 moyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilib. O, cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Sərdarın barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az