Azərbaycan və Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında bəyannamə imzalanacaq.Prezident İlham Əliyev Rusiyada rəsmi səfərdədir və Rusiya prezidenti Vladimir Putinlə görüşdə bu sənədin imzalanması gözlənilir.
Bəyannamənin yalnız adı bəllidir, tərkibi, orada nələrin əks olunacağı bilinmir və imzalar atılmayana, ictimaiyyətə açıqlanmayana qədər də bilinməyəcək. Lakin artıq çoxları hələ imzalanmayan və nələrin əks olunduğu bəlli olmayan bəyannamə haqqında “hökm” çıxarmağa çalışır, müxtəlif iddialar irəli sürürlər.
Əsas iddia da belə bir sənədin imzalanmasının Azərbaycanın Rusiyadan asılılığının artması, ölkəmizin Rusiyanın liderlik etdiyi ittifaqlara qoşulması yönündədir. Halbuki, normal düşüncəsi olan hər kəs bunun belə olmadığını yaxşı anlayır. Bu baxımdan, belə iddiaların çoxu Azərbaycanın yürütdüyü müstəqil siyasəti baltalamaq istəyən dairələrdən qaynaqlandığı məlum məsələdir.
Gələk iddiaların nə qədər doğru olub-olmamasına. Hər şeydən öncə qeyd edək ki, Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi burada real nümunədir.
Şuşa Bəyannaməsini hər iki tərəf bərabərhüquqlu olaraq imzalayıb və hər iki ölkənin bir-birinin qarşısındakı öhdəliyi eynidir.
Necə olur Rusiya ilə imzalanacaq bəyannamədə Azərbaycan bərabərhüquqlu olmur?
Real nümunələr təsdiq edir ki, belə sənədlər bərabərhüquqlu xarakter daşıyır və əsasən qarşılıqlı olaraq ərazi bütövlüyünün dəstəklənməsi, müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq öz əksini tapır. Tərəflər bərabər öhdəliklər götürür, bir-birinin daxili işlərinə qarışmır və yalnız təhlükə yarandığı halda dəstək verir. Bu o deməkdir ki, Azərbaycana qarşı yarana biləcək təhlükədə Rusiyanın dəstək vermək öhdəliyi olacaq və bu, xüsusilə Ermənistanla münasibətdə əhəmiyyətlidir. Çünki Ermənistan KTMT-yə üzv olmaqdan istifadə edərək, müharibədən sonra yaranmış reallığa qarşı pozucu addımlar atır və bu addımlarına Rusiyanı ortaq etməyə çalışır. İmzalanacaq bəyannamə Rusiyanın belə məsələlərdə Azərbaycana da dəstək verməsini şərtləndirəcək və bununla Moskva tam neytral mövqe tutacaq. Bununla həm də müharibədən sonra Rusiyanın vasitəçiliyi ilə imzalanan razılaşmaların tam icrasının önü açıla bilər. Çünki bu məsələdə Moskva da maraqlı olacaq.
Bu bəyannamə Azərbaycanın müstəqil siyasətinə necə təsir edə bilər?
Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və hazırda Hərəkata sədrlik edir. Hərəkatın Nizamnaməsinə görə üzv ölkələr heç bir ittifaqda yer almamalıdır. Yəni Bakı və Moskva arasında imzalanacaq bəyannamə Azərbaycanın hər-hansı ittifaqa qoşulması demək deyil.
Əksinə bu, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin qorunması və təhlükəsizliyinin təmin edilməsində Rusiyanın da dəstəyinin əldə edilməsidir. Azərbaycan Türkiyənin dəstəyini əldə edib, Rusiyanın dəstəyini əldə etməsi isə bölgədə güclənməyimiz, xüsusilə müharibədən sonra əldə olunmuş razılaşmaların tam icrasına nail ola bilməyimiz baxımından əhəmiyyətlidir.
Qarışıq geosiyasi proseslər fonunda Prezident İlham Əliyevin milli maraqlarımız naminə həyata keçirdiyi bu strategiya öz bəhrəsini verəcək.
Vaqif Hüseynli Demokrat.az


