Bu, ölkəmizin çoxtərəfli əməkdaşlıq platformasında inkişaf etmək siyasətini dəyişmir.
Prezident İlham Əliyev Moskvada səfərdədir. Səfər zamanı Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında sənədin imzalanması gözlənilir.
Sənəd Azərbaycanla Rusiya münasibətlərinin daha da sıxlaşmasını özündə ehtiva edir ki, prinsipcə burada yeni bir hadisənin baş verdiyini iddia etmək doğru deyil. Baxmayaraq ki, səfərlə bağlı xəbər ictimai dövriyyəyə buraxılan kimi, müxtəlif mövqeli insanlar tərəfindən çaşdırıcı xarakterli yanaşmalar ortaya qoyulmağa başlanılıb, amma fakt bundan ibarətdir ki, müttəfiqlik sənədi uzunmüddətli bir prosesin və normal əməkdaşlığın davamının təzahürüdür.
Gerçəklik budur ki, II Qarabağ savaşında Rusiyanın Azərbaycanın mövqelərinə göstərdiyi dəstəkdən sonra iki ölkənin münasibətlərində yeni səhifə açılıb, əlaqələr möhkəmlənib və bunun yekunu olaraq müttəfiqlik sənədinin imzalanması aktuallıq qazanıb. Əslində Prezident İlham Əliyevin hələ 2021-ci ilin sonunda Yeni il münasibətilə xalqa müracətində Rusiya-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə qalxacağını bəyan etməsi ehtimal yaradırdı ki, iki ölkənin münasibətləri tezliklə daha yaxşı müttəfiqlik mərhələsi qazanmaq üzrə olacaq. Bu baxımdan Prezident İlham Əliyevin Rusiyaya səfəri, sözügedən sənəd ortaya spontan çıxmayıb, son vaxtlar regionda baş verən hansısa proseslərin ucuna bağlana bilməz, əksinə bunu qabaqcadan hazırlıq görülmüş, ciddi təhlil olunmuş bir sənəd və səfər kimi dəyərləndirmək olar.
Məsələni aydın dərk etmək üçün 44 günlük Vətən müharibəsindən sonra 2021-ci ilin iyununda Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanmasına baxmaq lazımdır. Diqqət edək: müharibəyə qədər də Türkiyə Azərbaycan arasında yaxşı münasibətlər var idi. Lakin müharibənin gedişində Azərbaycana verilən dəstək önəmli idi, qələbəmizdə mühüm rol oynadı və Şuşa Bəyannaməsi ilə əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırıldı. Eyni ilə Rusiya da Azərbaycana dəstək verdi, Ermənistanın Azərbaycan əleyhinə addımlar atmaq çağırışlarına məhəl qoymadı, əksinə, ölkəmizin öz sərhədləri uğrunda savaşa girdiyini açıq bildirdi, bununla da Azərbaycanın yaxşı münasibətini qazandı. Bu kontekstdən yanaşsaq, Şuşa Bəyannamasi ilə rəsmi Moskva ilə imzalanacaq müttəfiqlik sənədi arasında müəyyən oxşarlıq tapmaq olar. Belə ki, bu sənəd də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə heç bir zərbə daşımır. Çünki adətən belə sənədlər bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyir və hansısa tərəfə üstünlük, hansısa tərəfə aşağı mövqe qazandırmır. Eyni zamanda, tərəflər bir-birinin daxili işlərinə qarışmamaq öhdəliyi götürür, təhlükə zamanı bir-birlərinə zəruri dəstək verirlər.
Müttəfiqlik sənədindən danışırıqsa, məsələyə bir qədər geridən baxmalıyıq. Keçmiş SSRİ dağıldıqdan sonra müstəqilliyinin ilk illərində Azərbaycanla Rusiya arasında əlaqələr normal deyildi. Siyasi hakimiyyətə gələn yeni komanda bu ölkə ilə münasibətləri qaydasına qoymaq yox, əksinə tamamilə üz döndərmək siyasəti yürüdürdü ki, bu da yanlış siyasi baxış idi. Ümummilli lider Heydər Əliyevin tarazlaşdırılmış xarici siyasət doktrinası ilə Rusiyanın Azərbaycanla münasibətləri normallaşdı. Əməkdaşlıq mümkünlük qazandı. O zamandan təməli qoyulan bu siyasət indiyə kimi davam etdirilir. Faktiki ötən müddətdə Rusiya ilə siyasi-iqtisadi əlaqələr zəifləməyib, əksinə daha da güclənib. Bu gün Rusiya və Azərbaycan strateji tərəfdaş kimi bir çox regional iqtisadi-siyasi məsələlərdə iştirak edirlər (Bakı-Novorossiysk, Şimal-Cənub nəqliyyat dəhlizi və s). Bura Rusiya şirkətlərinin Azərbaycanda səmərəli fəaliyyət göstərməsini, ölkəmizin iqtisadiyyatına sərmayə yatırmasını və başqa məsələləri də əlavə etmək mümkündür. Göründüyü kimi, ortada yaxşı siyasi əlaqələr var, iqtisadi müqavilələr var, elmi əməkdaşlıq var, Azərbaycanın taleyüklü məsələsinə, ərazi bütövlüyü məsələsinə dövlət səviyyəsində dəstək var, indi isə təbii şəkildə bu yaxşı əməkdaşlığı müttəfiqlik sənədi ilə rəsmiləşdirmək ehtiyacı yaranıb.
İmzalanacaq sənəd siyasi baxımdan ağır çəkiyə malikdir və özündə münasibətləri daha da irəli aparmaq, ikitərəfli əlaqələrə ciddi töhfə vermək potensialı daşıyır.
Rusiya ilə belə önəmli sənədin imzalanması həm də Ermənistan üçün bir zərbə deməkdir. İndiyə qədər Rusiya ilə müttəfiqlik münasibətlərində olan Ermənistan belə bir sənədin Azərbaycanla imzalanmasını heç də istəməzdi və əsla istəmir. Yada salmaq vacibdir ki, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı fonunda Ermənistanın bütün çabalarına rəğmən Rusiyanın bu ölkəyə açıq dəstəyi olmadı. Dəfələrlə əməliyyatların Azərbaycan ərazilərində getdiyini bəyan edən rəsmi Moskva ermənilərin gözləntilərinin üzərindən xətt çəkdi. Rusiya digər həmsədr ölkə Fransa kimi açıq ermənipərəst mövqe tutmadı. Rusiyanın münaqişəyə müdaxiləsi həmin ölkənin bəzi mətbuat orqanlarının, ekspertlərinin ermənipərəst mövqeyindən o yana keçmədi. Rəsmi Moskva münaqişədə neytral mövqe tutdu və Azərbaycanın haqq işinə maneçilik törətmədi, ərazi bütövlüyümüzə xələl gətirən siyasi xətt yürütmədi. Etiraf edək ki, bunun əksi də ola bilərdi və müharibənin daha ağır bədəlləri ilə üz-üzə qala bilərdik.
Bütün bunların baş verməməsinin ən başlıca səbəbləri isə dediyimiz kimi, Rusiya ilə qurulmuş strateji tərəfdaşlıq əlaqələri, iki ölkə başçısı arasında səmimi dostluq münasibətləridir.
Müttəfiqlik sənədi haqqında danışarkən, Rusiyanın dünya siyasətindəki yerinə də diqqət etmək lazımdır. Rusiya dünyanın güclü dövlətlərindən, dünyada və regionda hərbi sənaye üzrə ən böyük oyunçulardan biridir.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan təkcə Rusiya ilə əməkdaşlığa yox, hamı ilə əməkdaşlığa maraq göstərən və çalışan ölkədir. Türkiyə ilə bütün dünyaya nümunə ola biləcək əlaqələr yaranıb. Başqa qonşularla-İran və Gürcüstanla dostluq və tərəfdaşlıq əlaqələri daha da inkişaf edir. Bir yandan BMT-dən sonra ikinci ən böyük təsisat, 120 üzvü olan quruma - Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Digər yandan Azərbaycan Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında aparıcı mövqeyə malikdir. Üstəlik, Azərbaycanın NATO və Avropa İttifaqı ilə sıx təmasları mövcuddur. Azərbaycan Prezidentinin Avropaya son səfərləri, beynəlxalq çevrələrdə keçirdiyi görüşlər bunu əyani sübut edir.
Reallıq budur ki, Azərbaycanın beynəlxalq əlaqələri birqütblü deyil və Rusiya ilə imzalanacaq sənəd bu reallığı qətiyyən dəyişməyəcək. Azərbaycan çoxtərəfli əməkdaşlıq platformasında inkişaf etmək siyasətinə sadiq qalacaq.
Əməkdar jurnalist Elman Babayev


