Bakı-Quba-Rusiya yolunun günbəgün dağılması heç kəsə sirr deyil. Xatırladaq ki, 2005-cı ildən tikintisinə başlanan Bakı-Quba-Rusiya avtomobil yoluna ümumilikdə 700 milyon manat xərclənib. 2009-cu ildə sabiq nəqliyyat naziri Ziya Məmmədov Bakı-Quba-Rusiya yolu istifadəyə verilən zaman onun istismar müddətinin 30 il olduğunu vurğulamışdı. Lakin cəmi 3 il sonra - 2012-ci ildən yol sıradan çıxmağa başlayıb. Bu gün - yolun istismara verilməsindən 13 il sonra Bakı-Quba-Rusiya yolu demək olar ki, tamamilə sıradan çıxmaq üzrədir.
Bir neçə gün əvvəl Bakı-Quba yolunda, Tağıyev qəsəbəsi ərazisində dəhşətli yol nəqliyyat hadisəsi baş verdi və nəticədə bir ailə tamamilə məhv oldu. Düzdür, qəzada yüksək sürət, ölümdə isə təhlükəsizlik kəmərinin taxılmaması rol oynayır. Lakin qəza ilə bağlı DYP tərəfindən yayılan görüntülər də təsdiq etdi ki, maşın sürətli gedir və qəfildən boşluğa düşərək idarəetmədən çıxıb yoldan kənara aşır. Deməli, qəzaya həm də səbəb yoldakı olan ciddi nöqsandır.
Məsələ ilə bağlı "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Demokrat.az saytına bildirib ki, Bakı-Quba-Rusiya avtomobil yolu zəmanətindən daha tez dağılmağa məruz qalıb:
“Bu yolun istismar müddəti 30 il olsa da, görünən odur ki, həmin yolda dağılmalar baş verir. Xüsusən də, Qubadan Bakı istiqamətində olan magistral yolda daha çox dağılmalar müşahidə olunur. Dəfələrlə məlumat vermişik ki, buna səbəb ilk növbədə orada normadan artıq yüklənmiş yük maşınlarının keçməsidir. Yəni, bu bir, yaxud da iki maşının işi deyil. İllərlə o yolda yük maşınları normadan artıq yükləndiyinə görə, yol boyunca müəyyən problem yaranıb. Biz hal-hazırda Sumqayıt şəhərinə kimi yolları təmir etdik və hazırda Tağıyev qəsəbəsində yenidən yol qurulur. Tağıyev qəsəbəsindəki yol nəqliyyat vasitələrinin hərərəkəti üçün inşa olunub. Yol üzərində təbii ki, yol ötürücüləri, qovşaqları, körpüləri inşa edilib və 2010-cu ildə istismara verilib. İstismar müddətində yol boyu nəsə problem olduqca, biz agentlik olaraq hər hansı bir təmir işləri icra edirik. Yəni, orta təmir işləri icra olunur. Qeyd edim ki, həmin yol boyu hərəkət sürəti 90 km/sürət nəzərdə tutulub. Yol ötürücü olan hissələrdə isə daha aşağı sürət 60-70 km/sürət nəzərdə tutulub. Çünki yol ötürücüləri üzərindən hərəkətin təhlükəsizliyin təmin olunması məqsədilə aşağı sürət nəzərdə tutulub. Müəyyən ərazilərdə, körpülərdə, yanaşma yollarında bir sıra problemlər yaşanır ki, bizim tərəfimizdən də həmin problemlər də cari təmir işləri aparılmaqla aradan qaldırılır. Ümumiyyətlə, Bakı-Quba-Rusiya avtomobil yolunda zəmanətindən daha tez dağılmağa məruz qalıb”.
Ekspert Ərşad Hüseynov isə Demokrat.az-a bildirib ki, ilk növbədə dağılma səbəblərini öyrənmək üçün tədqiqat aparılmalıdır:
“Bu kimi hallarla bağlı lazımi qurumlar cəlb edilməklə tədqiqatlar aparılmalıdır. Amma kənar müşahidəçi kimi deyə bilərəm ki, minik avtomobillərinin hərəkəti zamanı yük avtomobillərinin həmin yolda hərəkətinə icazə verilməməlidir. Digər tərəfdən, yol elə tikilməlidir ki, o maksimum kütlədən artığını da qaldıra bilsin. Hesab edirəm ki, əgər yol yüksək texnologiya ilə ağır tonnajlı yük avtomobillərinə dözümlülük dərəcəsi nəzərə alınaraq tikilsəydi, belə tez dağılmazdı. Hər halda Bakı-Quba yolunda baş vermiş hadisə ilə bağlı cinayət işi başlayıb. Yəqin ki, yaxın müddətdə bunun səbəbləri barədə daha tez ictimaiyyətə məlumat veriləcək”.
Aynurə Pənahqızı Demokrat.az


