Sirr deyil ki, hər hansı bir xalqın dünyada tanıdılmasında və onun inkişafında, xüsusilə müasir dövrümüzdə diasporanın müstəsna rolu var. Çünki güclü diaspora bir ölkənin, dövlətin, xalqın inkişafında ciddi amildir.
Son illər məmləkətimiz xalqımızı tanımaqda maraqlı olan, bizi istəyən və eyni zamanda inkişafımızı gözügötürməyən kənar ölkələr tərəfindən yetəri qədər tanınır. Azərbaycanda bir-birinin ardınca keçirilən tədbir və forumların kökündə də, məhz onun dünyada tanınması durur. Ölkəmizdə günü-gündən çoxalan xarici dövlətlərin sərmayə yatırımları və bizim sahibkarların dünya ölkələri ilə iqtisadi əlaqələrə girməsi, mədəniyyətimizin dünyada tanıdılması işləri sürətlə inkişaf etsə də, bu yetərli deyil. Çünki dövrümüz informasiya dövrüdür. Bu səbəblə də istər sosial şəbəkələrdə, istər fərdi şəkildə Azərbaycançılığın təbliği qarşıda duran əsas amillərdən biridir. 
Azərbaycan cəmiyyətinin ölkəmizin tanınması yolunda fəal iştirak etmələrini reallaşdıran əsas amil diaspor quruculuğu ilə bağlıdır. Diasporanın bir araya gəlməsi, kiçik diaspor cəmiyyətlərinin vahid təşkilat olaraq birləşməsi Azərbaycanın dünyada təbliğ olunmasını asanlaşdırar. 44 günlük Vətən müharibəsində diasporumuzun gördüyü işlər danılmazdır. 
“Gözlənilməməlidir ki, erməni diasporu Azərbaycan əleyhinə hansısa addım atandan sonra Azərbaycan diaspor təşkilatları tərəfindən adekvat cavab verilsin. Erməni diasporunun siyasi dairələrə, yerli mediaya, parlamentlərə, beynəlxalq təşkilatlara təsir imkanları güclüdür. Çünki qarşımızda yüz illərdir ki, təşkilatlanmış və hiyləgər, öz yalanlarına həqiqət donu geyindirən bir lobbi var. Xaricdə erməni lobbisi heç vaxt Azərbaycan əleyhinə kampaniyanı dayandıran deyil. Bunu gözləməməliyik, çünki erməni lobbisinin ideoloji bazası şovinizm millətçiliyi üzərində qurulub. Üstəlik, qondarma erməni soyqırımı həqiqətlərinin təbliğatı onlara stimul verir. Ancaq yenə də biz ruhdan düşməməliyik”. 
“Xaricdə yetərincə vətənpərvər, milli insanlarımz çoxdur. Diaspor işi həm də peşəkarlıq, yüksək əlaqələr tələb edir. Bunun üçün bizim xaricdə insanlarımız yetərincədir. Sadəcə potensialı düzgün yönləndirmək önəmlidir. Xarici mətbuatla düzgün iş qurmaq, siyasi-ictimai dairələrlə və beynəlxalq təşkilatlarla əlaqələri genişləndirmək Azərbaycan həqiqətlərinin çatdırılmasında mühum rol oynaya bilər. Qeyd etdiyim amillər diaspor fəaliyyətinin əsasını təşkil etməlidir. Əgər Azərbaycan diasporu 44 günlük Vətən müharibəsində birlik və həmrəylik nümayiş etdirə bildisə, deməli bunu hər zaman edə bilərik.
Diaspor təşkilatlar arasında soyuqluluq və inciklik halları olacaq. Bundan qaçmaq mümkün deyil. Əsas odur ki, təşkilatlarımız, soydaşlarımız ümummilli məsələlərdə birləşməyi bacarırlar. Bunu Aprel döyüşləri, Tovuz hadisələri və Vətən müharibəsində sübut etdilər. Həm də zaman və yaranan şərait bizim xeyrimizə dəyişir. Azərbaycanın beynəlxalq arenada artan nüfuzu, torpaqlarımızın işğalçı Ermənistandan azad edilməsi Azərbaycan diaspor hərəkatında da canlanma yaradacaq”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov da saytımıza açıqlamasında Azərbaycan diasporunun bugünkü fəaliyyətini yüksək qiymətləndirdiyini bildirdi: “Azərbaycanın bir çox dövlət qurumları 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq və fədakarlıq göstərdilər. Bu dönəmdə üzərinə ən çox yük düşən və bu istiqamətdə səylərini davam etdirən təşkilatlardan, qurumlardan biri bizim diaspor təşkilatlarımız, qurumlarımız oldu. Onlar bu prosesdə yüksək səviyyədə öz töhfələrini verməyə çalışdılar. 
Aynurə Pənahqızı Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 


