Putin ABŞ-ın müttəfiqi olmuş Yeltsinin siyasi varisidir. Rusiyanın bugünkü siyasi və maliyyə, biznes elitası ABŞ-ın 1990-cı illərdə Rusiyaya verdiyi "demokratiya kreditləri" hesabına varlanmış oliqarxiyadır.
SSRİ-dən Yeltsin Rusiyasına dünyanın geopolitik təhlükəsizliyini müəyyən edən Potsdam sistemi, Helsinki Müqaviləsi və nüvə silahının yayılmaması barədə Reykyavik sazişi qalmışdı.
SSRİ-ni ABŞ zorla dağıtmadı, Sovet İttifaqı özü suqut etdi. Ondan əvvəl "Varşava Müqaviləsi" dağılmışdı. Şərqi
Avropada "məxməri inqilablar" bütün geopolitik düzəndə yeni reallığın ilk məşəlini yandırdı.
NATO və Avropa İttifaqı isə dağılmadı.
Qərb Rusiyanı SSRİ-nin varisi kimi tanıdı. Yəni, 2-ci dünya müharibəsinin nəticələrindən meydana çıxmış geopolitik təhlükəsizlik prinsiplərini Yeltsin Rusiyasına etibar etdi.
Bu artıq SSRİ deyildi.
Qərbin etimad göstərdiyi, "sovet irsindən" imtina etmiş Rusiya idi.
"Yeni Rusiya" özünün müstəmləkələrindən könüllü imtina etdi, postkommunist dövranının şərtlərini tanıdı və "oyun qaydalarına" riayət edəcəyini bəyan elədi.
Putin isə Rusiya üçün mövcud olmayan SSRİ-nin təhlükəsizlik qarantlarını tələb edir. Bununla sülh prinsiplərini təftiş etməyə çalışır. Putinin bu tələbləri dünyanı daha da qorxuya salır və qeyri-müəyyənlik formalaşdırır. Rusiyanın öz ərazi bütövlüyünə təhdid yaradır.
"Geopolitik maraqlar" adı ilə Avropanı yenidən ram etmək artıq mümkünsüzdür. Bunun üçün ya 3-cü dünya müharibəsindən Moskva qalib çıxmalı, ya da ABŞ okeanın altında qalmalıdır.
Stalin 1949-cu ildə Avropa Birliyi ideyasına qeyri-ciddi yanaşmaqla "cini şüşədən" buraxmışdı. Bu gün Putin özünü Avropaya 1-ci Pyotr yox, 1-ci Nikolay kimi təqdim etməsi Avropanı daha da birləşdirir və Sem dayıya əlavə kozur verir.
Əvəzində dünyada sülhün təməl prinsipləri zədələnir.
Azpost saytının baş redaktoru Xaqani Səfəroğlu Demokrat.az


