“44 günlük Vətən müharibəsinin qalibi olan Azərbaycan xalqının taleyində və tarixində gərək belə günlər yaşanmayaydı”.
Bu fikirləri Demokrat.az-a Milli Məclisin deputatı, tarixçi Anar İsgəndərov Ramiz Mehdiyevin Azərbaycan elminə vurduğu ciddi ziyanla bağlı fikirlərini bölüşərkən deyib.
“Azərbaycan gəncliyi bütün dünyaya sübut etdi ki, o, ən ağır, ən çətin, ən şərəfli imtahanın qalibidir. Auditoriyada ola bilsin ki, o qiyməti almaqda çətinliyi olur. Ancaq vətəninin müdafiə etmək, torpağını azad etmək üçün Azərbaycan gəncliyi hər şeyə qadirdir. Bu mənada akademiya sistemində elmə gələn Azərbaycan gənclərinin qarşısını almaq, qarşısına sipər çəkmək təkcə günah deyil. Mən deyərdim ki, böyük cinayətdir. Bəs, bu gənclik yetişməsə, elmə öz töhfəsini verməsə, bütün ümid 80-dən yuxarı olan insanlarımı qalır? Axı onlar vaxtilə gənc olanda elmdə öz sözlərini deyə biliblər. Uğur qazanıblar, böyük ad sahibi olublar. Bu mənada akademiyada olan son illərin hadisələri göstərdi ki, təkcə gənclərin qarşısı alınmayıb, elmə gələn insanların qarşısına maneələr çəkilməyib, ümumiyyətlə, Azərbaycanda elmin inkişafı üçün maneələr törədilib, çətinliklər yaradılıb. Bunun da acı nəticələri var. Amma nəticəsi nə qədər acıdır?”. Deputatın sözlərinə görə, bu acı nəticələri hesablamaq yox, onu aradan qaldırmaq lazımdır: “Mən əminəm ki, Azərbaycan rəhbərliyi tezliklə bu məsələni uğurlu istiqamətdə həll edəcək. İnanıram ki, elmdə özünü göstərmək istəyən Azərbaycan gəncləri üçün uğurlu meydan açılacaq. Hər bir azərbaycanlı ziyalısı akademiyada baş verən proseslərlə bağlı öz təəssüfünü, etirazını bildirir. Ancaq, eyni zamanda elmin inkişafı üçün əlindən gələni etməyə hazırdır”.
Aynurə Pənahqızı Demokrat.az


