“Ramiz Mehdiyevin istefasını xoş qarşıladım. Nəhayət ki, Ramiz Mehdiyev hikkəsinə son qoydu”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Deputat Azərbaycan elminə böyük sayqı, diqqət göstərən, onun gələcək taleyinə ciddi yanaşan, dövlətimizin mövqeyində duran və bu məsələdə fəal iştirak edən hər bir soydaşımıza dərin təşəkkürünü bildirib:
“Bizim jurnalistlərimiz, saytlarımız hər zaman olduğu kimi, milli məsələdə bütünlük, həmrəylik nümayiş etdirdilər. Xüsusilə də “Demokrat.az” saytı hər zaman olduğu kimi, bu dəfə də milli maraqlar və dövlətçilik mövqeyində dayanaraq, öz töhfəsini ciddi şəkildə verdi. Buna görə hər kəsə təşəkkürümü bildirirəm. Təbii ki, bu birlik qarşısında Ramiz Mehdiyev artıq getməli idi. Çünki xalqın iradəsi qarşısında kimsənin duruş gətirməsi mümkünsüzdür. Bütün tarix bunu sübut edir. Hər kəs bundan nəticə çıxarmalıdır. Hər kəs bilməlidir ki, milli maraqlar, dövlət maraqları hər şeydən üstündür. Bu gün Azərbaycan xalqı, onun aparıcı simaları, siyasətçiləri, mediası milli maraqların keşiyindədir və Azərbaycana zərər vurmaq istəyənlərə qarşı ardıcıl, prinsipal, qətiyyətli mübarizə aparır. Bundan hər kəs öz nəticəsini çıxartsın. Bilsinlər ki, qıraqda-bucaqda gizlənərək, zamanı yetəndə-yetməyəndə Azərbaycan dövlətinə və xalqımızın milli maraqlarına qarşı hər hansı zərər gətirənlərin taleyi bundan daha ağır, daha acınacaqlı olacaq. Ona görə də onun istefasını yüksək qiymətləndirirəm. Ümidvaram ki, Azərbaycan Milli Elmlər Akademiyası bundan nəticə çıxaracaq. Ona gələn yeni rəhbər mövcud problemi aradan qaldırıb, Azərbaycan elmini, AMEA-dakı bu bataqlığı aradan qaldırmaq üçün bütün səyini ortalığa qoyacaq və elmimizin inkişafına töhfə vermək üçün böyük fədakarlıq göstərəcək”.
Aynurə Pənahqızı Demokrat.az


