"Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Ramiz Mehdiyev özünü "suqsvanq" vəziyyətinə salıb. Yəni, necə addım atmasından asılı olmayaraq, məğlubiyyətlə üzləşir. Sual yaranır ki, Ramiz Mehdiyevin səbəb olduğu belə bir çaxnaşmaya, doğrudan da, ehtiyac var idimi?! Hesab edirəm ki, AMEA-da ilk növbədə dərin islahatlar aparılmalı idi. Təəssüf ki, biz son iki ildə belə cəhdlərin şahidi olmamışıq və yaxud da atılan addımlar müsbət nəticə verməyib. Digər tərəfdən isə, elm ocağını intriqa yuvasına çevirməyə, ümumiyyətlə, ehtiyac yox idi".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
Deputat bildirib ki, elm ocaqları, adətən, elmin inkişafı və dərinləşməsi, yeni təfəkkür və ideyalar üçün şərait yaratmaqla məşğul olmalıdır: "AMEA-nın istər daxilində, istərsə də Akademiyadan kənarda bu formada siyasət qurmaq düzgün deyil. Vaxtilə də demişdim ki, Akademiyada işləyən alimlərin maaşı qısa müddətdə qaldırılmalıdır. Əks halda, həmin maaşla AMEA-dan Nobel mükafatçısının çıxacağını gözləməyə dəyməz. Həmçinin burada yerinə düşər qeyd edim ki, Ramiz Mehdiyev, latın deyimi ilə desək, özünü Roma Papasından daha yüksək katolik hesab edir. Bəlkə o düşünür ki, ölkədə Azərbaycan xalqını ən çox sevən məhz özüdür?! Axı Roma Papasından çox katoliklik etmək olmaz, o, "nömrə bir" katolikdir. Bəs belə olan halda, Ramiz Mehdiyevin siyasətini bu cür müəyyən etməsinin məğzi nədir? Əlbəttə ki, belə deyil. Ataların da belə bir sözü var: Gərək əvvəl öz işini düzgün qurub, sonra başqalarını tənqid edəsən. Son olaraq qeyd edim ki, deputat korpusuna ən çox təsir edən məqamlardan biri seçki sistemi ilə bağlı şübhənin olmasıdır. Ramiz Mehdiyev, əgər doğrudan da, şübhəniz var idisə, niyə həmin fəaliyyəti 20 ildən çox təşkil edən biri kimi daha əvvəl bunu dilə gətirmir və tənqid etmirdiniz?! Yəni, yalnız bu suallara cavab verdikdən sonra digər qurumları, alimləri, deputatları və s. tənqid etmək olar".
Demokrat.az


