Ramiz Mehdiyev bütün çağırışlara rəğmən AMEA-nın rəhbərliyindən getmək istəmir və faktiki olaraq, Azərbaycan elminin üzərində “oturmaq”da israrlıdır. Onun AMEA-nın mətbuat xidməti vasitəsilə “istefa” çağırışlarına verdiyi cavab isə artıq məsələnin bir qocanın ahıl yaşında sərsəmləməsindən daha çox, özünü qorumaq üçün “çox şeyi yandırmaq” xəttini tutduğundan xəbər verir. Bu, dövlət üçün heç də sadə məsələ deyil. Çünki söhbət AMEA rəhbərindən yox, uzun illər PA-ya rəhbərlik edən və hazırda Təhlükəsizlik Şurasında təmsil olunan şəxsdən gedir.
Baş verənlər bir daha təsdiqlədi ki, hər şeydən öncə Ramiz Mehdiyev AMEA-nı da, Azərbaycan elmini də özünün siyasi intirqalarının vasitəsinə çevirib. Hərçənd ki, onu istefaya dəvət edənlərin məqsədi elmin inkişafı və elm ocağının gəncləşməsi, dövlət başçısının həyata keçirdiyi köklü islahatlardan Azərbaycan elminin də nəsibini almasıdır. Ramiz Mehdiyev faktiki bu prosesdə “suyun qarşısını kəsən div” rolunu oynayır.
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor, Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlının dedikləri bunun bariz nümunəsidir.
Musa Qasımlı bildirir ki, masasında erməni və gürcü dillərini bilən 6 nəfər gəncin CV-si var: “Mən dəfələrlə müraciət etmişəm, Ramiz Mehdiyev onları Qafqazşünaslıq İnstitutunda işə götürməyə imkan verməyib, əvəzində mənə “filankəsi işə götür” deyib, təzyiq edib. Aparat rəhbərinə cavabımı demişəm ki, həmin istedadlı gəncləri 4 ildir işə götürməyə icazə vermirsiniz, magistratura bitirməyən, elmə həvəsi olmayan bir şəxsi necə göndərirsiniz?”.
Bu və onlarla belə fakt Ramiz Mehdiyevin AMEA-nı şəxsi oylağına çevirdiyini göstərir. Onun istefa çağırışlarına üsyan bayrağı qaldırması və dövləti ittiham altında qoyması da Azərbaycan elmi üzərdə qurmağa çalışdığı biznesinin əlindən çıxmasından qaynaqlanır.
Ramiz Mehdiyevin cavab mətninə diqqət etdikdə bunun yaşı ötmüş qocanın sayıqlamasından daha çox, dövləti ittiham etmək olduğunu və Prezidentin adından sui-istifadə edərək, özünü müdafiə etmək məqsədi daşıdığını görmək mümkündür.
- Qanunverici orqanın “saxta seçildiyini” iddia edir.
- “Avtobus, yaxud cib müxalifəti” ittihamı ilə siyasi islahatların bir hissəsi olan siyasi dialoqa qarşı çıxır.
- Hakim komandaya qarşı hər cür ittihamlar səsləndirən, hətta bir çox hallarda sərhədi aşaraq, böhtana keçənləri “gerçək demokratlar” kimi göstərir, onları legitimləşdirməyə çalışır.
- Məsələyə heç bir aidiyyəti olmadan ölkədə rus təhsilini gündəmə gətirir və bunun məhz dövlət başçısı tərəfindən yaradılan şəraitə görə belə olduğuna eyham vurur, beliklə, Prezidenti hədəfə çevirməyə çalışır və sair.
Ramiz Mehdiyev faktiki olaraq dövlətə qarşı üsyan bayrağını qaldırıb. Ən təhlükəlisi isə o, bu mövqeyində davamlı olaraq Prezident İlham Əliyevin adından istifadə cəhdinə yol verir. Burada özünümüdafiə məqsədi var, lakin cavab açıqlamasının mətni təkcə özünümüdafiə yox, dövlət başçısına qarşı müəyyən şantajçı çağırışları da özündə əks etdirir.
Ramiz Mehdiyev bununla dövləti şantaj edir. Bu, dövlət və onun təhlükəsizliyi adına olduqca riskli vəziyyətdir.
Göründüyü kimi, Azərbaycan elmini biznes obyektinə çevirən Ramiz Mehdiyevin AMEA-nın rəhbəri kimi qalması təkcə elmin inkişafının önünə daşların qoyulması yox, həm də dövlət maraqlarına istənilən vaxt təhlükənin yarana biləcəyi deməkdir. Ramiz Mehdiyev öz dili ilə bunu bəyan edir. Onun üçün ən unikal yol ömrünün sonunu evində keçirməkdir, elmin üzərində “oturub” AMEA-nı siyasi ambisiylarının qurbanına çevirməsi, dövlət rəhbərliyinin adından sui-istifadə etməsi, radikal müxalifətin leksikonundakı ittihamları hakim komandaya qarşı səsləndirməsi qəbul edilməzdir. Qoca deyib keçmək təhlükəlidir, çünki söhbət hansı kənar qüvvələrə bağlı olduğu sirr olmayan Ramiz Mehdiyevdən gedir!
Zaur Hacılı Demokrat.az


