“Həm Azərbaycanda, həm də dünyada koronavirusun “Omicron” ştammına yoluxma artır. Amma, yoluxmaların sayının artmasına baxmayaraq, xəstəlik yüngül formada keçir. Bu günləri bu qədər yoluxma sayının olmasına baxmayaraq, xəstəxanalarda çarpayı ehtiyatı kifayət qədərdir. Bu da xəstəliyin yüngül keçməsini bir daha sübut edir”.
Bunu Demokrat.az-a açıqlamasında TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev deyib. Həkimin sözlərinə görə, yaxın günlərdə yoluxma pik həddə çatacaq və ondan sonra xəstəlik yavaş-yavaş azalmağa doğru gedəcək:
“Önəmli olan xəstələrin çoxalmasından ziyadə, eyni zamanda xəstəxanaya yatış ehtiyacının azalıb-azalmamağıdır. Çünki xəstəlik öldürücü deyil. Bu, bizə biraz güvən verir ki, xəstəlik pik həddə çatdıqdan sonra azalmağa doğru gedəcək”.
Həkim gələcəkdə yeni mutasiyaların yaranacağına da şübhə etmədiyini vurğulayıb:
“Yeni mutasiyalar bütün virus infeksiyaları üçün xarakterikdir. Gələcəkdə “Omicron”dan sonra yeni mutasiyaların yaranacağına şübhə etmirəm. Amma, yeni mutasiya yüngülləşməyə doğru gedəcək, yoxsa özünə daha da əlavə, fərqli xüsusiyyətlər qazandıracaq? Bax, bu sual doğurur. Təbii ki, bunu da biz zamanla görəcəyik. Hal-hazırda bu barədə konkret olaraq bir söz söyləmək doğru deyil”.
Aynurə Pənahqızı Demokrat.az


