Azərbaycan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına sadiqdir və sənədi imzalamış bütün tərəflərdən eyni mövqe gözləyir. Lakin Ermənistan tərəfi bəyanatın şərtlərini kobud şəkildə pozmaqda davam edir. Ötən gün Kəlbəcərdə baş verən atışma da bunu sübut edir ki, erməni separatçıları hələ də Qarabağ ərazisini tərk etməyiblər.
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlamasında vurğulayıb ki, 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq Ermənistan tərəfi konkret olaraq bir neçə bəndə əməl etmir. Həmçinin, burada Rusiya da vasitəçi olaraq şərtlərə məhəl qoymur:

“Ermənistan göründüyü kimi, Kəlbəcər istiqamətində sərhəd təxribatına əl atır, Azərbaycan mövqelərini intensiv atəşə tutur. Bu, onu göstərir ki, Ermənistan tərəfi hələ də sülh danışıqlarına, delimitasiya və demarkasiya prosesinə hazır deyil. Nəticədə bu, növbəti ekskalasiyaya gətirib çıxarda bilər. Göründüyü kimi, Ermənistan 10 noyabr Birgə Bəyannaməsində sonra imzalanan sənədlərə, bəyannamələrə konkret olaraq əməl etmir. Bundan başqa, Soçi bəyannaməsi, ardınca Brüssel görüşü, həmçinin son günlər Avropa Birliyinin prezidentinin iştirakı ilə keçirilən onlayn görüşdə də Ermənistan tərəfi yenə də öz öhdəliklərinə əməl etmədi və yalnız şifahi bəyanatlar verməklə məşğul oldu”.
Politoloq hesab edir ki, ilk növbədə Azərbaycan ərazisində silahlı erməni birləşmələri çıxarılmalıdır: “Təbii ki, bunu da Rusiya həyata keçirilməlidir. Amma, Rusiyadan da biz bunu görmürük və erməni separatçıları Azərbaycan mövqelərinə atəş açır. Azərbaycanın konkret səlahiyyəti var ki, anti-trerror əməliyyatı keçirsin. Yəni, Azərbaycan 10 noyabr bəyannaməsinin 4-cü bəndinin yerinə yetirilməsini təmin etməlidir. Düşünürəm ki, əgər proses belə davam edəcəksə, o zaman Azərbaycan anti-terror əməliyyatlarına başlamalıdır. Çünki bunun alternativi yoxdur, nə danışıqlar yoluyla, nə sülh yoluyla, verilən bəyanatlarla”.
Aynurə Pənahqızı Demokrat.az


